Bu dəfə Bakı Bələdiyyə Teatrında
Bakı Bələdiyyə Teatrı Xalq yazıçısı Elçinin “Şekspir” əsərini tamaşaya hazırlayır. Səhnə əsərinə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verir.
Tamaşada Əməkdar artist Hüsniyyə Mürvətova, aktyorlar İlqar Musayev, Zülfiyyə Qurbanova, Ülviyyə Rza, Rəşad Kəsəmənli, Toğrul Rza, Namiq Cavadov, Tural Əhməd, Rəşid Soltanov və Elçin Muradov rol alıblar. Premyera mart ayında gözlənilir.
Əsərin qəhrəmanları ruhi-əsəb klinikasındakı pasiyentlərdir. Onların hər biri öz xəyali dünyasında yaşayır. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, sonda anlayır ki, xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər.
Xatırladaq ki, ilk dəfə “Üns” yaradıcılıq səhnəsində (2009) tamaşaya qoyulan pyes Azərbaycanın hüdudlarından kənara çıxaraq teatr ictimaiyyətinin diqqətini cəlb edib. Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən “Avanqard” teatrı, o cümlədən Krım-Tatar Musiqili Dram Teatrı Elçinin bu əsərinə müraciət ediblər.
2012-ci ildə “Şekspir” Akademik Milli Dram Teatrında səhnə təcəssümünü tapıb. Tamaşaya moldovalı rejissor Petru Vutkereu quruluş (“GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində teatra dəvət olunub) verib.
Bu yaxınlarda isə Şuşa Dövlət Musiqili Dram Teatrı “Şekspir” əsərinə müraciət edib. Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi tamaşanın da premyerası mart ayına nəzərdə tutulub.