Bütün insanlıq adına qara ləkə olan Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində anım tədbirləri keçirilir.

Astara rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı Azərbaycanın tarixində ən dəhşətli və qanlı səhifələrdən biridir” mövzusunda tarix dərsi keçilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə “Xocalıya gedən yol” filmi nümayiş olunub. Sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova faciə haqqında geniş məruzə ilə çıxış edib. Sonda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Dəhşət doğuran faciə” adlı tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə faciədən bəhs edən “Bir millətin kədəri” adlı film və “Kədərli yurdum azadlıqda” adlı sərgi nümayiş etdirilib.

***

Salyan Dövlət Rəsm Qalereyasında “Xocalını unutma!” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə nümayiş olunan əsərlərdə Xocalı faciəsinin ağır nəticələri tamaşaçıya çatdırılır. Sərgi fevralın sonunadək davam edəcək.

***

Naxçıvan Rəssamlar Birliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş sərgi açılıb. Çıxış edənlər soyqırımı qurbanlarının qisasının Vətən müharibəsində qazandığımız Zəfərlə alındığını bildiriblər. Qeyd olunub ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalıda da bayrağımızı ucaldıb. Bildirilib ki, sərgidə 15 rəssamın boyakarlıq üslubunda 31 əsəri nümayiş olunur.

N.Məmmədli