Muxtar respublikanın 100 illiyinə sənət töhfəsi

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2024-cü ilin ilk tamaşasının son məşqləri gedir. Naxçıvanlı müəllif Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” əsəri əsasında hazırlanan eyniadlı tamaşa NMR-in yaranmasının 100 illiyinə həsr edilir.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir.

Müəllifin arxiv sənədləri əsasında yazdığı əsərdə hadisələr 1923–1924-cü illərdə Naxçıvan, Bakı, Ankara və Moskvada cərəyan edir. 1920-ci illərin əvvəlində SSRİ-nin rəhbəri İ.Stalinin niyyəti Naxçıvan torpaqlarını ermənilərə peşkəş etmək idi. Lakin o zaman Azərbaycanda SSR-in rəhbəri Nəriman Nərimanov və milli qüvvələr, o cümlədən Behbud ağa Şahtaxtinski xalq arasında bolşeviklərin bu planı ilə bağlı maarifləndirici təbliğat apararaq xainləri ifşa edirlər. Eyni zamanda Türkiyədə Mustafa Kamal Atatürkün ciddi dəstəyi ilə türkiyəli və azərbaycanlı diplomatlar Qars müqaviləsini imzalamağa müvəffəq olurlar.  Moskvada danışıqlara gedən diplomatlar Naxçıvanın Azərbaycanın tərkibində qalmasını və bugünkü xəritəsi üzrə ərazilərinin qorumasını təmin edirlər.

Əsərdə N.Nərimanov, B.Şahtaxtinski, Atatürk, Stalin, Çiçerin, Veysəl bəy Ümivar, İbrahim Əbilov kimi tarixi şəxsiyyətlərin obrazları da yer alıb. Xalq oyunları, Novruz şənliyi, Şərur yallısı, “Kosa-kosa” oyunu, “Xanbəzəmə” kimi etnoqrafik materiallara yer verilən tamaşanın premyerası 10 mart – Milli Teatr Günündə keçiriləcək.

Onu da qeyd edək ki, truppanın bütün üzvlərinin məşğul olduğu tamaşa bundan öncə 2009 və 2014-cü illərdə Xalq artisti Kamran Quliyevin quruluşunda Naxçıvan səhnəsində təqdim olunub.