Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə Nicat Qazax Dövlət Dram Teatrında Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında “Love Butik” tamaşasını hazırlayır.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Səyyad Məmmədov, bəstəkarı Vahid Bayramov, rejissor assistenti Kəmalə Əyyubovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Yusif Qoca, Zəmanə Dərviş və Xanım Məmmədova ifa edirlər.
Rejissor Mirzə Nicat eyni zamanda Qazax teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində “Mən və teatr etikası” (Stanislavski sistemi üzrə) mövzusunda təlim də keçəcək.
Xatırladaq ki, 2022-ci ilin yanvarından həyata keçirilən “Öyrədərək öyrənirəm” layihəsinin məqsədi regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.