“Öyrənək və bilgilərimizi peşəmizdə daha da mükəmməl tətbiq edək”
Xəbər verdiyimiz kimi, 18-21 fevral tarixlərində Rusiya teatr təmsilçiləri ölkəmizdə səfərdə olublar. Sankt-Peterburq Aleksandrinski Teatrı (Rusiya Milli Dram Teatrı) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ustad dərsləri keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyi, Aleksandrinski Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, RF Mədəniyyət Nazirliyi və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirilən “Aleksandrinski Teatr Məktəbi” təhsil layihəsinin uğurlu olduğunu deyə bilərik.
Üç gün (19–21 fevral) sürən ustad dərsləri Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanovun rəhbərliyi ilə gerçəkləşdi.
Rusiya və Azərbaycan arasında mədəni əlaqələrə töhfə olan bu səfər və sözügedən memorandum ustad dərslərindən savayı qarşılıqlı qastrol səfərlərinin, dəyirmi masaların, konfransların, bir sözlə, teatr sahəsində çoxşaxəli mübadiləni ön plana çıxarır.
Akademik Milli Dram Teatrında “Müasir milli teatrda idarəetmənin əsasları” və “Müasir kontekstdə fəaliyyət” proqramları üzrə intensiv proqramda paytaxt teatrları və Mədəniyyət və İncəsənət Universiteti tələbələrindən ibarət iki qrup iştirak etdi.
Birinci proqram menecment məsələlərini, ikinci proqram isə aktyor sənətini əhatə edirdi. Hər iki istiqamət üzrə dərsləri Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Teatr Sənəti İnstitutunun müəllimləri, həmçinin Aleksandrinski Teatrının mütəxəssisləri aparırdı.
***
Fevralın 21-də “Aleksandrinski Teatr Məktəbi” layihəsinin bağlanış mərasimi keçirildi və dərslərin iştirakçılarına sertifikatlar təqdim olundu.
Akademik Milli Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov və Sankt-Peterburq Dövlət Universitetinin strateji inkişaf və tərəfdaşlıq üzrə prorektoru Anastasiya Yarmoş iştirakçıları təbrik etdilər, onlara teatr sənəti sahəsində yeni yaradıcılıq uğurları arzuladılar. Qısa zamanda da olsa, əldə etdikləri biliklərin müəyyən mənada istiqamətverici olacağına əminlik ifadə etdilər.
İki qrupda dərslərə qatılan ümumilikdə 70 nəfərə sertifikatlar təqdim olundu.
***
Onlardan bir neçəsinin təəssüratını öyrəndik.
“Müasir milli teatrda idarəetmənin əsasları” proqramının iştirakçısı olmuş Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov: “Öyrənmək heç vaxt gec deyil. Dünya sürətlə inkişaf edir və biz mütləq hər gün nə isə öyrənməyə məcburuq. Məşğul olduğum teatr sahəsi, onun yeni forma və məzmunu barədə böyük təcrübəyə, zəngin məktəbə malik rusiyalı teatr təmsilçiləri və teatr sənəti üzrə mütəxəssislərdən yeni bilgilər əldə etdim. Ən azı, onların iş prinsipi, tamaşaçı-teatr münasibətləri barəsində atdıqları addımlarla tanışlıq imkanı qazandım”.
“Müasir kontekstdə fəaliyyət” üzrə dərsə qatılan Akademik Milli Dram Teatrının əməkdaşı, ADMİU-nun müəllimi, teatrşünas Aygün Süleymanova: “Marketinq-menecment üzrə müxtəlif mühazirələr dinlədik. Yeni teatr prosesi, texnikası, teatra tamaşaçı cəlbi, teatr sosiologiyası kimi müxtəlif maraqlı istiqamətlərdə məlumatlar çox faydalı idi. Xüsusən teatr prosesi haqqında mühazirələr mənim üçün daha maraqlı oldu. Beləcə, Sankt-Peterburq teatr məktəbinin təcrübəsi barədə məlumatlanmış olduq. Çünki oradakı teatr məktəbinin böyük tarixi var və məncə, öyrənməyə, tətbiq etməyə dəyər”.
Menecment və aktyor sənəti üzrə hər iki dərsə qatılan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə: “Mənim üçün öyrənmək daim öncüllük təşkil edəcək. Buna qədər də müxtəlif dərslərdə iştirak etmişəm. Bu da mənim üçün bir mərhələ idi və sevinirəm ki, uğurla başa çatdı. Aktyor, müasir dövrün sənətçisi hərtərəfli olmalı, təkcə səhnə, ifaçılıq ilə yox, sahəsindəki bütün ixtisaslarla əlaqədə çalışmalıdır. Çağdaş zaman da bunu tələb edir: öyrənək və bilgilərimizi peşəmizdə daha da mükəmməl tətbiq edək. Bu zamanın aktyoru təkcə səhnədə hansısa rolu ifa edən deyil. Layihə ilə çıxış etdiyim bu dinləmələr mənə məşğul olduğum sahə üzrə fərqli istiqamətlərdə yaxşı bələdçilik elədi”.
Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva: “Əvvəla, zəngin və dolğun bu üç gün üçün təşkilatçılara təşəkkür edirəm. Doğrudan da, çox şey öyrəndim və bu məni məmnun etdi. Nəzəri bilgilərin praktiki icrası, bundan sonra səhnədə istifadə edə biləcəyim nələrsə öyrəndim. Məsələn, öyrəndiyimiz texnikalar, onu hiss etmək, tərəf-müqabilində tətbiq vərdişləri izah olundu. Onların metodikası ilə bizə öyrətdikləri, təbii ki, az zamanda çox şey idi. Sözsüz ki, bildiklərimiz də vardı. Amma onların icrası, tətbiqi ilə bağlı səlis, maraqlı, real imkanlar verildi. Sevinirəm ki, təkcə sertifikatla bitmədi bu iş, daha da effektli oldu. Belə layihələrin davamlı olmasını arzu edərdim”.
Həmidə