Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 ildən artıqdır davam edir. Bu illər ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətləri qurulub.
Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe bu sözləri jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında danışan səfir bildirib ki, bu istiqamətdə dost ölkə kimi əməkdaşlıq çərçivəsində əlimizdən gələni etməyə hazırıq: “Çünki yaşıl cəmiyyətin yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda, bütün dünya üçün mühüm çağırışdır. Mən Azərbaycanın bu kimi problemlərin həllində, xüsusilə də enerji siyasəti kimi sahələrdə qabaqcıl rolunu səbirsizliklə gözləyirəm. Azərbaycanın bu səylərini müsbət qiymətləndirirəm”.
Katsuya Vatanabe bildirib ki, Yaponiya Azərbaycanla energetika sahəsində əməkdaşlıq edə bilər: “Bu barədə hökumətlə müzakirələr aparıb biz də son qərarımızı verəcəyik. İnanıram ki, Yaponiya öz təcrübəsindən, texnoloji bilik və bacarıqlarından istifadə edərək Azərbaycana bu sahədə dəstək ola və ya kömək göstərə bilər”.
Qeyd edək ki, fevralın 21-də Bakıda Yaponiyanın milli bayramı – İmperatorun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub. Tədbirdə çıxış edən səfir Katsuya Vatanabe diqqətə çatdırıb ki, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində “EXPO – 2025” sərgisinin mövzusu “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” olacaq. Bu platforma bəşəriyyətin ümumi problemlərinin həlli, dünyanın kollektiv müdrikliyinin, o cümlədən qabaqcıl texnologiyaların toplanması, yeni ideyaların yaradılması və yayılmasının təşviqi üçün mayak rolunu oynayacaq.