Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Fakültənin dekanı Könül Həsənova tədbiri açaraq dilin hər bir insanın mənəviyyatını qoruyan başlıca amil olduğunu diqqətə çatdırıb.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında Ümummilli lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək, hər bir vətəndaşın öz ana dilini bilməsinin vacib olduğunu deyib.
Azərbaycan dilinin tədrisi texnologiyası kafedrasının professoru Vaqif Qurbanov ana dilimizin inkişafı tarixindən, F.Köçərli, M.Mahmudbəyovun ana dilimizin inkişafı üçün atdığı addımlardan söz açıb.
Tədbirdə “Meh” ədəbi dərnəyinin üzvləri çıxış edib, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnəcik göstəriblər.
Sonda rektor Cəfər Cəfərov bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.
***
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kitabxanasına nəşrlər hədiyyə edib.
Bununla bağlı keçirilən yığıncaqda BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Nailə Xəndan, MEK-in direktoru professor Məmməd Əliyev çıxış ediblər.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Şəhla Əhmədovanın, kafedranın baş müəllimi Gülqız Adilovanın, BSU-nun Məktəb-lisey kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Qəribovanın mövzu üzrə məruzələri dinlənilib.
***
Milli Azərbaycan Tarixi Muzeyində də əlamətdar gün münasibətilə “Azərbaycan dili milli varlığımızdır” adlı tədbir keçirilib. Tədbirdə 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) əməkdaşları və şagirdləri də iştirak ediblər.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, 5 nömrəli UGİM-in direktoru Elza Orucova çıxış ediblər. Azərbaycan dilinin saflığı və onun qorunması, dövlətin dil siyasəti barədə söz açılıb.
Muzeyin əməkdaşı Qənirə Qafarlı müxtəlif fondların materialları əsasında 2020-ci ildə hazırlanmış “Əlifba” kitabı haqqında məlumat verib və şagirdlərlə interaktiv oyun keçirib.
Sonda şagirdlərin təqdimatında bədii hissə nümayiş olunub.