Asiya ölkələrinin parlamentariləri Bakıda bir araya gəliblər

 

21-23 fevral tarixlərində Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası keçirilir.

“Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin parlamentinin sədri təmsil olunur.

Qeyd edək ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.

Fevralın 22-də sessiyanın açılış iclasında əvvəlcə sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi məsələsinə baxılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, təşkilatın baş katibi Məhəmməd Rza Məcidi çıxış ediblər.

Baş katib Azərbaycanın sədrliyini dəstəklədiyini vurğulayaraq deyib: “Regional və beynəlxalq qurum olaraq mühüm çağırışlar nöqtəsindəyik. Əminəm ki, Azərbaycan Respublikası Milli Məclisinin sədrliyi ilə Asiya Parlament Assambleyası qarşıdakı iki ildə çiçəklənəcək və uğur qazanacaq”.

APA-nın 14-cü plenar sessiyasında quruma sədrlik Türkiyədən Azərbaycana keçib.

İclasda daha sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Plenar sessiyanın gündəliyinə Büronun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.

Fevralın 22-də günün ikinci yarısında sessiya işini komitə iclasları ilə davam etdirib.

İqtisadi və davamlı inkişaf komitəsinin iclasında “Asiya enerji bazarının yaradılması haqqında”, “Ətraf mühitin mühafizəsi”, “İqtisadi artım üçün səyləri təmin edən maliyyə işləri”, “Yoxsulluğun aradan qaldırılması haqqında”, “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu”, “Asiyada hamı üçün su və kanalizasiya haqqında”, “Asiya iqlimi maliyyə təşəbbüsü haqqında” qərar və qətnamə layihələri nəzərdən keçirilib.

Sessiya fevralın 23-də davam edəcək. Sonda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Qeyd edək ki, Asiya Parlament Assambleyası (Asian Parliamentary Assembly) 1999-cu ildə Banqladeşdə keçirilən konfransda bu ölkənin təşəbbüsü ilə yaradılmış Sülh Naminə Asiya Parlamentləri Assosiasiyasının varisidir. Təşkilat 2006-cı ildə indiki adını alıb. Asiya Parlament Assambleyasının hazırda 43 daimi (o cümlədən həm Avropada, həm də Asiyada ən böyük coğrafiyaya malik Rusiya), 14 müşahidəçisi (o cümlədən Yaponiya, Avstraliya, Yeni Zelandiya) var. APA-ya sədrlik iki ildən bir dəyişir.

Təşkilatın Daimi Katibliyi İranın paytaxtı Tehranda yerləşir. Təşkilata ilk sədrliyi də İran edib. 2007-ci ildə qəbul edilən Tehran Bəyannaməsi APA-nın əsas sənədi sayılır. 2016-cı ildən təşkilatın baş katibi Məhəmməd Rza Məcididir.