Fevralın 22-də görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, professor Süleyman Ələsgərovun (1924–2000) anadan olmasının 100 illiyi tamam oldu.
Bu münasibətlə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət edilib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov bəstəkarın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Süleyman Ələsgərovun 100 illiyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur. Xalq yaradıcılığına dərin maraq göstərən, bəhrələnən bəstəkar özünəməxsus üslubu, fərdi yaradıcılıq prinsipləri ilə seçilib. Mədəniyyət xəzinəmizə rəngarəng sənət əsərləri bəxş edən sənətkarın yaradıcılığı xalq tərəfindən hər zaman sevilib. Süleyman Ələsgərov böyük Üzeyir Hacıbəylinin tələbəsi olub, öz fəaliyyətində dahi bəstəkarın ideyalarına daim sadiqlik nümayiş etdirib, onun ənənələrini qoruyub, yaşadıb. Görkəmli musiqi xadiminin səmərəli yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi deyib ki, ömrünü həm də pedaqoji fəaliyyətə həsr edən bəstəkar Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri, sonra isə Şuşa filialının direktoru, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru vəzifələrində işləyib.
Əməkdar artist Tahir İmanov babasının xatirəsini yad etməyə gələnlərə ailələri adından təşəkkür edib. Bildirib ki, babası Süleyman Ələsgərov Qarabağ nisgili ilə dünyadan köçsə də, indi ruhu şaddır. Çünki doğma Şuşa şəhəri artıq işğal altında deyil.
Qeyd edək ki, geniş yaradıcılıq imkanlarına malik olan Süleyman Ələsgərov “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı, bir çox simfoniya və kantata, tar ilə xalq çalğı alətləri orkestri üçün konsert, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” romansları və iki yüzdən artıq mahnısı ilə zəngin bir miras qoyub.
Lalə Azəri