Körfəz sahilində Azərbaycan mədəniyyətinin növbəti təntənəsi

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

Fevralın 21-də paytaxt Dohanın “Souq Waqif” bazar mərkəzində mədəniyyət günlərinin açılışı keçirilib. Bu məkan rəngarəng xalçalar və sənət əsərləri nümayiş olunan, küçə performansları ilə məşhur bir yerdir.

Mədəniyyət Nazirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Azərbaycan xalçalarının sərgisi təqdim olunub. Sərgidə 15-ə yaxın unikal toxuma texnikası ilə ərsəyə gətirilən xalılar yer alıb. Qətərin Mədəniyyət Nazirliyinin rəsmiləri sərgiyə baxış keçiriblər.

Sərgi məkanında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında milli musiqi çələngi təqdim olunub. Daha sonra muğam üçlüyü və Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri sənətsevərlər qarşısında çıxış ediblər. Konsert dohalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Fevralın 22-də Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi keçirilib. Həmçinin görkəmli şərqşünas, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir təşkil edilib. 

Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Əbdüləziz əl-Kuvari tədbir iştirakçılarını salamlayıb. Deyib ki, Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi səciyyələndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbirdə çıxış edib. O, Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə verdiyi dəstəyə görə Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taniyə təşəkkürünü bildirərək qeyd edib ki, ölkələrimizin rəhbərlərinin səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrimizin yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb. Siyasi-iqtisadi sahədə əməkdaşlıqda olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafına çalışmalıyıq. Hər iki ölkənin zəngin mədəniyyətinin qarşılıqlı olaraq təbliğinə töhfə verəcək layihələr həyata keçirilməlidir.

Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi qeyd edilir. Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Məhəmməd Füzulinin 530 illik yubileyinin ölkəmizdən kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır.

Nazir çıxışının sonunda Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacağını deyib.

Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun türk-islam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb. O, həmçinin akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verib. Deyib ki, XII yüzillikdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardandır. Bildirilib ki, “Böyük Azərbaycan şairi Nizami” kitabı dünyanın bir sıra dillərinə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcümə edilməsi böyük ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkirini daha yaxından tanımasına öz töhfəsini verəcək.

Daha sonra muğam triosunun ifasında musiqi nömrələri səsləndirilib. Gənc xanəndələrin təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.

Qeyd edək ki, fevralın 21-də “Qətər Mall”da “Natiq” ritm qrupunun və “Mirvari” rəqs qrupunun da konserti olub.

Qətərdə Azərbaycan Mədəniyyəti Günləri görüşlər və tədbirlərlə davam edir.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda Qətər Mədəniyyəti Günləri, 2010-cu ildə isə Qətərdə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.