Bu il Salyan Rayon İcra Hakimiyyətinin rəsmi mətbu orqanı “Qələbə” qəzetinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlərlə qeyd olunur.

Silsilə tədbirlər çərçivəsində Salyan Tarix-Diyarşünaslıq Muzeyində qəzetin yubileyi münasibətilə sərgi açılıb.

Sərginin açılışında çıxış edənlər qəzetin yaranma tarixi və fəaliyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, Salyan qəza partiya və icraiyyə komitələrinin və qəzetin jurnalist kollektivinin təsisçiləri olduğu mətbuat orqanının ilk nömrəsi 1924-cü il fevralın 21-də çapdan çıxıb. Qəzet Azərbaycan və rus dillərində – “Qırmızı Muğan” (“Krasnıy Muqan”) adı ilə Salyan Qəza Partiya Komitəsinin orqanı kimi nəşrə başlayıb.

Qəzetin ilk redaktoru Salyan QPK-nin katibi Andrey Novoxatski olub. Ötən dövrdə qəzet müxtəlif adlarla oxucularının görüşünə gəlib: “Sosializm yolu” (1930–1962), “Məhsul” (1962–1965), “Qələbə” (1965–1992), “Günaydın” (1992–1993), 1994-cü ildən isə yenidən “Qələbə” adı ilə çap olunub.

Sərgidə Salyan Tarix-Diyarşünaslıq Muzeyində qorunan qəzetin ilk nüsxəsinin və bundan sonrakı fəaliyyətini əks etdirən fotolar, məktublar, elanlar və nəşrlər yer alıb.

Sərgi fevralın 29-dək davam edəcək.

Nurəddin