Fevralın 22-də, görkəmli yazıçı, dramaturq, naşir və mətbuat xadimi Cəlil Məmmədquluzadənin (1869–1932) doğum günündə ədibin Naxçıvan şəhərində yerləşən ev-muzeyində tədbir keçirilib.
Açılış nitqi söyləyən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Mirzə Cəlilin zəngin yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatımıza və milli mətbuatımıza verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ədəbi məktəb formalaşdıran yazıçı ölkəmizdə dramaturgiyanın, teatrın, muzeyşünaslığın, mətbuatımızın, ümumilikdə ictimai fikrin inkişafına əvəzsiz töhfələr verib. Mövhumat və cəhalətin hökm sürdüyü dövrdə bir günəş kimi doğan “Molla Nəsrəddin” (1906–1931) jurnalı Azərbaycan mətbuatının sonrakı inkişafına güclü təsir göstərib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadə şəxsiyyəti, onun azərbaycançılığa, milli birliyə səsləyən əsərləri barədə daim yüksək fikirlər səsləndirib, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərib. Bu ənənəni davam etdirən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yazıçının 140 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov ədibin xalqımızın milli istiqlalı və ərazi bütövlüyü uğrunda, ana dilinin qorunması sahəsində xidmətlərindən danışıb. Bildirilib ki, onun yüksək ali ideyalarla zəngin publisistikası, o cümlədən “Azərbaycan”, “Cümhuriyyət”, “Vətəndaşlar” kimi məqalələri, “Anamın kitabı”, “Kamança” kimi ölməz pyesləri Azərbaycanın yeni əsrdə müstəqillik və vətən bütövlüyü ideallarına xidmətin ən gözəl nümunələridir.
Sonra Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin direktoru Aytən Ələkbərova yazıçının ədəbi irsinin qorunub saxlanılmasında, təbliğində muzeyin rolundan danışıb. Mədəniyyət ocağının baş fond mühafizi, elmi işçi Kəmalə Allahverdiyeva tədbir iştirakçılarını “Cəlil Məmmədquluzadə – 155” başlıqlı sərgi ilə tanış edib.
Yubiley tədbirinin bədii hissəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorlarının ifasında ədibin hekayələri qiraət olunub.