AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar keçirilib.

Seminarda Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva çıxış edərək tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edib.

Daha sonra Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva “Azərbaycan ədəbiyyatşünaslığında Məhəmməd Əmin Rəsulzadə” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Rəsulzadə irsi yalnız siyasi düşüncədən ibarət deyil, o, ədəbiyyatşünaslığa da dəyərli töhfələr verib. M.Ə.Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami” və başqa monoqrafik tədqiqatları onun ədəbi-estetik və nəzəri görüşlərinin ifadəçisidir. Bu əsərlər xalqın milli oyanışı, soy-kökə qayıdış, və ədəbiyyatın inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.