Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin dekabrında keçirilən “Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalı təşkil olunmuşdu.
“Fikir çəkmə, telefona çək!” devizi altında keçirilən festivalın məqsədi gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Fevralın 23-də Nizami Kino Mərkəzində “CINEMO” festivalının mükafatlandırma və bağlanış mərasimi olub.
Mərasimdə çıxış edən layihənin təsisçisi və rəhbəri, aktyor Ruslan Sabirli festivala 150 filmin təqdim edildiyini və onlardan 70-nin seçildiyini diqqətə çatdırıb. İşlər Emin Mirabdullayevin rəhbərliyi ilə kino mütəxəssisləri Əli İsa Cabbarov, Fehruz Şamıyev, Sevinc Əliyeva və Orxan Ağazadədən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
Sonra festivalın qalibləri mükafatlandırılıb. Tanınmış kino xadimlərinin iştirakı ilə qaliblərə mükafatlar təqdim olunub.
Festivalın “Sosial çarx” nominasiyası üzrə Məmmədəli Əbilovun “Qismət” filmi I, Fikrət Gündüzlünün “Gəlincik” filmi II, Azər Kazımovun “Mənim adım autizmdir” filmi III yerə layiq görülüb.
Birinci yerin qalibinə mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib, yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, qalib adlar yaxın gələcəkdə Azərbaycan kinosunun yeni dalğasını təşkil edəcək.
“Sənədli film” nominasiyasında Taleh Urfansoyun (“Urfansoy prodakşn” – Şəki) “Alovla savaşanlar”ı 1-ci, Sabir Nurullayevin “Şərqiyyə”si 2-ci, Emin Həsənovun “Daşların sirri” filmi 3-cü yerləri bölüşüblər.
“Bədii film” nominasiyasında isə birinci yeri “44 ölçü” (Dilavər Əzimov), ikinci yeri “Bayram hədiyyəsi” (Şirin Əhmədov), üçüncü yeri “Bağlıdır-açıqdır” (Aydan Qafarova) filmləri tutub.
Həmçinin festivalın yaşca ən kiçik (Səma Abdullayeva, 14 yaş, Şəki) və ən böyük (Oleq Namazov, 64 yaş, Gəncə) iştirakçıları diplomla təltif olunublar.
Mükafatlandırmadan sonra qalib filmlərə baxış olub və qısa bədii hissədə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Xalq artisti Yusif Qasımovun quruluşunda milli rəqslərimizi təqdim ediblər.
Lalə Azəri