Bakıda görkəmli Ukrayna şairəsi Lesya Ukrainkanın (1871–1913) xatirəsi yad edilib. Bu barədə Azərbaycanda Ukrayna Qadınları Birliyinin sədri Lidiya Əliyeva-Şestak məlumat verib.
Fevralın 25-də, şairənin doğum günü münasibətilə təşkilatın nümayəndələri Lesya Ukrainkanın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki eyniadlı parkda yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Onun şeirlərini Ukrayna və Azərbaycan dillərində səsləndiriblər.
Lidiya Əliyeva-Şestak bildirib ki, Azərbaycanın Ukrayna ilə bağlı olan, bu ölkənin mədəni irsi, görkəmli şəxsiyyətləri haqqında məlumatların təqdim olunduğu yerlər arasında Lesya Ukrainka adına park da var.
Qaradağ Rayon İcra Hakimiyyəti ilə İrpen Şəhər Administrasiyası arasında 2003-cü ilin 27 iyul tarixində əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq əsasında Lökbatan qəsəbəsində Lesya Ukrainka adına park yaradılıb və 2004-cü ildə parkda şairənin büstü qoyulub. Ukraynanın İrpen şəhərinin küçələrindən birinə isə görkəmli azərbaycanlı oftalmoloq, akademik Zərifə Əliyevanın adı verilib, onun adına park yaradılıb və büstü qoyulub.
Onu da qeyd edək ki, 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Ukrayna şairəsinin “Meşə nəğməsi" kitabı nəşr olunub. Layihənin təşəbbüskarı və kuratoru qismində tanınmış jurnalist, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk çıxış edib.