AMEA-nın Gəncə Bölməsində Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı ilə birlikdə “Azərbaycan məktəbi” – 100: tədqiqatyönlü təhsil üçün əl-ələ” mövzusunda dəyirmi masa keçirilib.
AMEA Gəncə Bölməsinin sədr müavini kimya üzrə fəlsəfə doktoru Sara Əzizova tədbiri açıq elan edərək “Azərbaycan məktəbi” jurnalının elm və təhsilin inkişafında rolundan danışıb və qocaman pedaqoji mətbu orqanının kollektivini təbrik edib. O, həmçinin bölmənin fəaliyyətindən bəhs edib, 1981-ci ildən fəaliyyət göstərən elm məbədində görülən işlərə qısa nəzər salıb.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan dərgi haqqında ümumi məlumat verib, nəşrin akademik göstəriciləri və beynəlxalq indekslənmə portallarında təmsilçiliyindən bəhs edib.
Nəşrin baş redaktorunun müavini Nəsrəddin Musayev isə “Azərbaycan məktəbi” jurnalının 100 illik tarixinə bir baxış” mövzusunda danışıb. Məsul katib Tariyel Süleymanov qonaqları “Azərbaycan məktəbi”nin kitabxanası” silsiləsindən yeni nəşr olunmuş, Nobel mükafatı laureatı Riçard Feynmanın “Altı dərsdə fizika” kitabı haqqında danışaraq bu vəsaitin təhsilin bütün pillələrində müəllimin ən yaxşı köməkçisi olduğunu, tələbələr və yuxarı sinif şagirdləri üçün faydalı olacağını vurğulayıb. Kitabın bir nüsxəsi AMEA-nın Gəncə Bölməsinin kitabxanasına hədiyyə edilib.
Digər çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam edib, təkliflər səsləndirilib.