“Teatr binaları” silsiləsindən IV yazı

 

Adətən, tanımadığımız birini bizə təqdim edəndə altşüurda belə bir assosiativ təəssürat yaranır: insanın adı ilə onun zahiri görkəmi, tanışlıq davam etdikcə isə xarakteri arasında bir uyarlıq, məntiqi bağ axtarırıq. Yəni Yasəmən adlı xanımın zərif və gözəl, Aslan adlı bəyin isə mütləq qorxmaz və cüssəli olduğuna ümid edirik.

Əslinə qalsa, bu yanaşma tərzi təkcə insanlara deyil, məkanlara da aiddir. Məsələn, elə götürək Azərbaycan Dövlət Kukla Teatrının binasını. Az-çox təxəyyülünə malik, teatr janrları barədə ötəri anlayışı olan kimsəyə Xəzər sahilindəki fransız intibahı üslubunda inşa edilmiş tikilini göstərib “səncə, burada hansı teatr yerləşir” soruşsaq, əksəriyyət “kukla teatrı” cavabını verər. Nədən? O səbəbdən ki, 114 il əvvəl tikilmiş bina bir neçə dəfə sahibini dəyişsə də, altmış ildir ki, haqq etdiyi, özünə yaraşan sakinləri var.

1909-cu ildə isə hər şey başqa cür olmuşdu…

***

XX əsrin əvvəllərində Bakıda teatrların, ozamankı dillə desək, sinematoqrafın, əyləncə məkanlarının planlaşdırılması və inşası məsələsi aktuallaşmışdı. Səssiz kino seyri üçün kinoteatra ehtiyac yaranmışdı. Tələbat yaranıbsa, deməli, təklif də uzaqda deyil. Bakıda məhz kino göstərməkdən ötrü ilk bina üçün o zaman yeni bulvar seçildi. İnşaatçı mühəndis Yuzef Ploşkonun layihəsinə əsasən, sinematoqraf, indiki dillə desək, kinoteatrın binası 1909–1910-cu illərdə inşa edildi.

Binanın tikintisi çoxlu mübahisə doğurmuşdu. Şəhər rəisi layihəni təsdiq edəndən sonra 1909-cu ildə tikintiyə başlanıldı. Bununla belə, şəhər hökumətində hesab edirdilər ki, gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə bir tikintiyə yer yoxdur, bina bulvarın gözəlliyini pozacaq. Halbuki, həmin məqamda təzə bulvarın yalnız adı vardı: çünki sahilin bu hissəsi hələ yaşıllaşdırılmamışdı, ərazinin abadlığından da söz gedə bilməzdi. Bu səbəbdən də sinematoqraf binasının bulvarın görkəmini korlayacağı barədə giley nə qədər məntiqə uyğundur? Əslində, Y.Ploşkonun layihəsi gerçəkləşəndən sonra məlum oldu ki, bina bulvarın görkəmini korlamır, əksinə, yaxınlıqdakı “Qafqaz və Merkuri” şirkətinin eybəcər anbarları, tör-töküntü binanın görkəminə xələl gətirir.

…1910-cu il iyunun 6-da teatr-sinematoqraf binasının memarı və inşaatçısı, mülki mühəndis Y.Ploşko kütləvi istifadəyə yararlılıq predmeti baxımından bu binanın nəzərdən keçirilməsi üçün komissiya təyin edilməsi haqqında vəsatətlə Bakı şəhər rəisi podpolkovnik P.Martınova müraciət etdi. Müraciətə cavab olaraq rəisin 155 №li əmri ilə 11 iyun 1910-cu il tarixində komissiya binanı təhvil almalı, Bakı şəhər telefon şəbəkəsinin hökumət müfəttişi Borisov bütün elektrik qurğularını yoxlamalı idi.

Artıq 1910-cu il iyunun 17-də “Kaspi” qəzeti “Fenomen” sinematoqrafının işə başladığı barədə məlumat verirdi.

Binanın tikintisi təxminən 60 min rubla başa gəlmişdi. “Fenomen” öz dövründə Bakıda ən iri və ən müasir texniki avadanlıqla təchiz edilmişdi. Tamaşa salonunun ölçüləri uzununa 11 sajen (təqribən 24 metr), eninə 5 sajen (11 metr) idi. Salonun hündürlüyü isə təqribən 10 metr hesablanmışdı. Parter 400 tamaşaçı üçün nəzərdə tutulmuşdu. 5 lojada və xorda (memarlıqda binanın içində adətən ikinci mərtəbə səviyyəsində qurulan yuxarı açıq qalereya, yaxud eyvan xor adlanır – müəl.) daha 56 oturacaq var idi. Salondakı digər iki lojaya isə bilet satılmırdı – bu yerlər şəhər rəisi və şəhər idarəsinin üzvləri üçün ayrılmışdı.

Memarın cızdığı sxemə görə sinematoqrafda skamyalar yox, yalnız ikibir, üçbir kreslo və stullar düzüldüyündən tamaşaçılar oturacaqlar arasında rahat hərəkət edə bilirdilər. Yerlər birinci, ikinci və üçüncü dərəcələrə ayrıldığından seanslara biletin qiyməti də eyni deyildi.

Sinematoqrafın ekranı da Bakı üçün fenomen sayıla bilərdi, çünki neft bumu yaşayan bu cənub şəhərinin heç bir sinematoqrafında uzunluğu 9 arşın (6,5 metr), eni 7 arşın (5 metr) ölçüsündə ekran yox idi.

Sinematoqrafın tikintisi zamanı ventilyasiya sisteminə xüsusi diqqət yetirilmişdi ki, bu hal da Bakı üçün büsbütün yenilik idi. Ümumiyyətlə, “Fenomen” Bakıda havalandırma sistemi olan ilk ictimai məkan idi. 

Sinematoqrafın açılışına az qalmış “Kaspi” qəzeti bu yenilik barədə məlumat verərkən vurğulayırdı ki, hər on beş dəqiqədən bir “binanın içindəki korlanmış havanı sormaqla yayda sərin, qışda isə isti hava ilə təzələməkdən ötrü” mükəmməl havalandırma sistemi qurulur. Əvvəlcə, sorucu havalandırma sisteminin quraşdırılması nəzərdə tutulsa da, bu zaman tozun da qalxacağı və bu halın sağlamlıq üçün zərərli olacağını nəzərə alaraq ondan imtina edirlər. Əvəzində isə havanı kanal və filtrləri soyudan ozonatordan keçdikdən sonra salona vurmaq yolu ilə içərini havalandırmaq qərara alınır.

“Kaspi” qəzetinin 17 iyun 1910-cu il tarixli sayında yer almış həmin yazıda binanın eksteryeri barədə belə yazılmışdı: “Bina küçədən də gözəlliyi ilə diqqəti cəlb edir. İçəri keçən kimi hiss edirsən ki, bura çox rahat və təmiz məkandır”. 

Binanın məxsus olduğu cəmiyyətin rəhbəri M.Qofman adlı şəxs çalışırdı ki, “Fenomen”də nümayiş olunan filmlər şəhərin digər sinematoqraflarında göstərilən filmlərlə eyni olmasın.

Bəlkə də o zaman Avropada da “Fenomen” gözəlliyində sinematoqraf binası yox idi. Binanın boş ərazidə tikilməsi onu həm də göydəndüşmə məkan kimi qavramağa şərait yaradırdı. Təntənəli və möhtəşəm əsas fasad şəhərə baxırdı. Hündür stilobat (sütun təməli) üzərində dayanan və mansardı məhəccərlə əhatələnmiş bina ion suvağı ilə örtülmüşdü. Kənarlarda yerləşdirilmiş iki günbəz bütün binanın siluetini tamamlayır, həm də şəhərdəki bütün binaların memarlüq üslubunu davam etdirirdi. Binanın künc boşluqlarında qoyulmuş heykəllər fasadın kompozisiyasını daha da gücləndirirdi. Ümumiyyətlə, memarlıq və heykəltaraşlığın sintezinə Y.Ploşkonun paytaxtımızı bəzəyən digər memarlıq nümunələrində də uğurlu həllinə rast gəlinir.

Binanın yuxarı mərtəbəsində bufet üçün üç veranda nəzərdə tutulmuşdu ki, onlar icarəyə verilirdi. Yuxarı verandaya giriş I və II dərəcəli biletlərin sahibləri üçün pulsuz idi, 3-cü dərəcəli bilet alanlar isə giriş üçün 20 qəpik ödəməli idilər. Binanın səhnəsi kiçik olsa da, “Fenomen”in teatr tamaşaları üçün icarəyə verilməsi də nəzərdə tutulurdu. Burada kiçik heyətli tamaşalar oynanılsa da, bina həm də kazino kimi fəaliyyət göstərirdi.

Düz on il “Fenomen” Bakıda sinematoqraf və kazino kimi tanındı.

1921-ci ildə memar, inşaatçı mühəndis Zivərbəy Əhmədbəyovun layihəsi əsasında “Fenomen”in binasında köklü yenidənqurma işləri görüldü. Bina daha çox “Satiragit” kimi tanınan Bakı Azad Türk Tənqid və Təbliğ Teatrına verildi.

1932-ci il dekabrın 28-dək Bakıda fəaliyyət göstərən teatrın adı daha iki dəfə dəyişsə də (1925–1927-ci illərdə Bakı Türk İşçi və Kəndli Teatrı, 1927–1932-ci illərdə Bakı Türk İşçi Teatrı), səhnəsi dəyişmədi. Teatr Gəncəyə köçürüldükdən sonra Musiqili Komediya Teatrı bu binada məskunlaşdı. 1941-1945-ci illərdə “Müdafiə” kinoteatrı, müharibədən sonra isə yeni yaradılan Azərbaycan Kənd Təsərrüfatı Muzeyi bu binada yerləşdirilənədək bir neçə il müstəqil tamaşa-film məkanı kimi tanındı. 60-cı illərin əvvəlində isə muzey başqa  ünvana köçürüldü və müstəqil teatr olaraq fəaliyyətə başlayan Azərbaycan Kukla Teatrı 1963-cü ildən burada məskunlaşdı. Teatra 1964-cü il aprelin 15-də dövlət statusu verildi.

***

… Artıq altmış ildir ki, Azərbaycan Dövlət Kukla Teatrı bir əsrdən çox yaşı olan binanın özünə yaraşan sahibidir. Bina bir neçə dəfə təmir olunsa da, qarışısındakı incəsənət hamisi sayılan ilahə heykəllərinin götürülməsindən savayı ciddi dəyişikliyə məruz qalmayıb. Yeri gəlmişkən, Kənd Təsərrüfatı Muzeyi burada yerləşdiriləndə həmin ilahələri çoban və sağıcı heykəlləri əvəz etmişdi.

Prezident İlham Əliyevin Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Dövlət Kukla Teatrı da əsaslı təmir edildi.

Təmir zamanı teatrın foyesini bəzəyən və 300 kvadratmetr sahəsi olan “Azərbaycanın nağıl aləmi” pannosu bərpa olundu və Toğrul Nərimanbəyovun bu şedevri yenidən göz oxşamağa başladı. Səs və radio sexi son texniki avadanlıqla təchiz edildi, 200 nəfərlik tamaşa salonu büsbütün yeniləndi.

***

...Bu gün Bakı bulvarı “Fenomen” sinematoqrafının tikildiyi zamandan bəri çox dəyişib. Yaşıllıq, abadlıq göz oxşayır. Kukla Teatrının ətrafı binanın gözəlliyini tamamlayır, memarlıq incisinin gözəlliyi yaşıllıqla sonuclanır. Bulvar boyunca hərəkət etdikcə Neftçilər prospektinin sol qanadında gözəl memarlıq nümunələri bir-birini əvəz edir. Amma... Sinematoqraf kimi tikilmiş bu bina öz ilk adını görkəmi ilə yaşadır. Bir sözlə, fenomen!

Gülcahan Mirməmməd