Olaylar, faktlar (2 – 5 mart)

 

193 il əvvəl...

 

5 mart 1831-ci ildə Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış (Lənkəran) xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı iki ay sürdü.

 

146 il əvvəl...

 

3 mart 1878-ci ildə Rusiya ilə Osmanlı arasında iki il sürən müharibənin yekunlarına dair San-Stefano (İstanbulun indiki Yeşilköy rayonu) sülh müqaviləsi imzalanıb. Osmanlı imperiyasının tərkibində olan Bolqarıstan muxtar knyazlıq statusu alıb və Rusiyanın nəzarətinə verilib.

 

106 il əvvəl...

 

3 mart 1918-ci ildə I Dünya müharibəsinin ilkin yekunlarına dair sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında Brest sülhü imzalanıb. Müqavilə ilə Rusiya Ukrayna, Polşa, Baltikyanı ölkələr və indiki  Belarusun bir hissəsi, həmçinin Cənubi Qafqazı itirirdi. Lakin bu, Leninin sözləri ilə desək, bolşeviklərə “nəfəs dərmək” üçün vacib idi. 1919-cu ildə “Brest müqaviləsi”ndən çıxan bolşevik Rusiyası, Polşa və Baltikyanı ölkələr (1940-cı ildə SSRİ-yə birləşdirildi) istisna olmaqla, itirdiyi əraziləri sovetləşmə adı ilə nəzarət altına aldı.

 

91 il əvvəl...

 

5 mart 1933-cü ildə Adolf Hitlerin Nasional-Sosialist Partiyası Almaniya parlamentinə (Bundestaq) seçkilərdə yerlərin yarısını əldə edib. Bir qədər əvvəl Prezident Qindenburq Hitleri kansler təyin edərək koalision hökumət qurmağı ona tapşırmışdı. Parlament seçkisində qələbə sayəsində Hitler kansler postunda möhkəmləndi, Qindenburq vəfat edəndən (1934) sonra isə özünü Almaniyanın mütləq rəhbəri – reyxsfürer elan etdi.

 

68 il əvvəl...

 

2 mart 1956-cı ildə Fransanın Şimali Afrikadakı müstəmləkəsi Mərakeş müstəqilliyini elan edib. Onun müstəqilliyini ilk tanıyanlardan biri Fransanın özü oldu.

 

33 il əvvəl...

 

3 mart 1991-ci ildə Latviya və Estoniyada SSRİ-nin tərkibindən çıxmaq barədə referendum keçirilib. Referendumun nəticələrinə əsasən, hər iki respublika müstəqilliyini elan etdi.

 

32 il əvvəl...

 

2 mart 1992-ci ildə BMT Baş Assambleyasının sessiyasında keçmiş SSRİ-nin 8 respublikası – Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova quruma üzv qəbul olunub. Gürcüstanda Qamsaxurdianın devrilməsindən sonra legitim hakimiyyət olmadığı üçün Baş Assambleya bu respublika barəsində qərarı bir qədər sonra, 1992-ci il iyulun 31-də qəbul etdi. Baltikyanı respublikalar 1991-ci ildə BMT-yə qəbul edilmişdi. Rusiya, Ukrayna və Belarus isə formal olaraq 1945-ci ildən BMT-nin üzvü idi.

***

5 mart 1992-ci ildə Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr gedişində xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.

Hazırladı: V.Orxan