Bələdiyyələr birləşdiriləcək
Azərbaycanda 1000 evdən az olan kəndlərin bələdiyyələri birləşdiriləcək. Bu, dövlət başçısı tərəfindən Milli Məclisə təqdim olunan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Bildirilir ki, kiçik bələdiyyələrin vergiləri toplaya bilməməsi və digər əsaslı səbəblər bu addımı zəruri edir.
Ölkə üzrə axırıncı bələdiyyə seçkilərinin keçirildiyi ildən (2019) sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək. Birləşmiş bələdiyyənin adı isə buna qədər əhali sayı ən çox olmuş bələdiyyənin adına uyğun müəyyən ediləcək.
Qeyd edək ki, hazırda ölkədə 1605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə bu say 500-ə enə bilər. 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçiriləndə 2660-dək bələdiyyə formalaşmışdı. Növbəti seçkilərdə (2004) isə ölkə üzrə bələdiyyə sayı 2730-a çatmışdı. Sonrakı illərdə bələdiyyələrin qismən birləşdirilməsi prosesi həyata keçirilib.