Xocalıda erməni işğalı zamanı bir qismi vandalizmə məruz qalan abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı – I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir.
Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib.
Xocalıda aparılacaq tikinti-quruculuq işləri zamanı ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin acı səhifəsi olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.
Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək arxeoloji park Qarabağın tarixinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işinə töhfə olacaq.