Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Muğam gecələri” layihəsi çərçivəsində xanəndə, Xalq artisti, professor Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti keçirilib.
Mənsum İbrahimovun Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğam və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Musiqi axşamında həmçinin xanəndənin yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova səhnəyə çıxıb.
Sonda Mənsum İbrahimov şəhid və qazilərimizə həsr etdiyi “Zəfər” mahnısını səsləndirib. Tamaşaçılar mahnını ayaq üstə alqışlayıblar.
Xanəndə çıxış edərək gəncəli musiqisevərlərə təşəkkürünü bildirib, Nizami yurdunda muğam sənətinə böyük dəyər verildiyini diqqətə çatdırıb.