Fevralın 29-da Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Ölkəmin abidələri” mövzusunda VI Beynəlxalq Uşaq Rəsm müsabiqəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Türkiyə, Qətər, Latviya, Qazaxıstan, Misir, Türkmənistan, İordaniya və Moldovanın ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Lalə Qəti müsabiqəyə Azərbaycan və dünyanın 12 ölkəsinin 103 məktəb, müəssisə və təşkilatlarından 1200-dən çox uşağın qatıldığını, 1208 rəsm işinin təqdim olunduğunu deyib. Qeyd olunub ki, 6-17 yaşlı uşaqlar öz rəsmlərində mənsub olduqları ölkənin keçmişi, qədim tarixi-mədəni irsi barədə düşüncələrini əks etdiriblər.
Diqqətə çatdırılıb ki, müsabiqə seçim turu və qaliblərin müəyyənləşdirilməsindən ibarət olan iki mərhələdə keçirilib. Azərbaycanın Xalq rəssamları və peşəkar mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən rəsm işləri seçilib. Onlardan 45-i birinci, 44-ü ikinci, 38-i üçüncü yerə, qalanları isə həvəsləndirici mükafata layiq görülüblər.
Sonra mükafatlandırma mərasimi keçirilib. Xarici ölkələrdən yarışmada fərqlənən uşaqların mükafatları isə müvafiq səfirliklərin nümayəndələrinə təqdim olunub.
Yekunda çıxış edən qonaqlar müsabiqənin dünyanın müxtəlif ölkələrində yaşayan uşaqlar arasında dostluq münasibətlərinin qurulmasında və istedadlı uşaqların daha da həvəsləndirilməsində əhəmiyyətli rolundan danışıb və davamlı olmasını diləyiblər.
Tədbirdə, həmçinin müsabiqənin seçim turu və qalib olan xarici ölkə nümayəndələrinin əl işləri ilə bağlı videoçarx nümayiş etdirilib, Mərkəzin bədii kollektivləri müxtəlif rəqs nümunələri təqdim ediblər.