Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi ilə birgə ‘’Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
ADMİU-nun kafedra müdiri dosent Sədaqət Əliyeva, ictimai birliyin sədri Güllü Eldar Tomarlı çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır.
Vurğulanıb ki, 2024-cü il Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyidir. Milli dəyərlərin bir atributu kimi kəlağayı geniş təbliğ olunur. Güllü Eldar Tomarlı onu da diqqətə çatdırıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı muzeyi” yaradılıb.
Tədbirdə şairlər Səadət Buta və Əhməd Qəşəmoğlu, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva və başqaları çıxış ediblər.
Ədəbi-bədii hissədə musiqi nömrələri və şeirlər səsləndirilib.
İctimai birlikdən bildirilib ki, “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində tədbirlər davam edəcək. Növbəti tədbir Mingəçevir Dövlət Universitetində təşkil olunacaq.