Fevralın 28-də Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqrafçı alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Nemətin (1924–2009) 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı açılış nitqində Məşədixanım Nemətin Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, alimin Azərbaycan ərazisində tədqiq etdiyi kitabələr haqqında əsərləri böyük tarixi əhəmiyyətə malikdir. O, tarix elminin ən çətin sahələrindən biri ilə məşğul idi və bütün ömrünü bu işə həsr etmişdi.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Məşədixanım Nemət Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, sözün əsl mənasında, böyük vətəndaş, ziyalı idi.
Tədbirdə çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, professorlar Şahin Fazil, Qafar Cəbiyev, Tarix Dostiyev və başqaları alimin zəngin elmi yaradıcılığından, qazandığı nailiyyətlərdən bəhs ediblər.
Məşədixanım Nemətin tələbəsi olmuş muzeyin əməkdaşı, epiqrafçı alim Həbibə Əliyeva müəllimi ilə bağlı xatirələrini bölüşüb.
Sonda Məşədixanım Nemətin qızı Vəfa Quliyeva konfransın təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Lalə