Dünya kino inciləri sırasında müharibələr və onların insanların həyatında buraxdığı izlərdən bəhs edən təsirli filmlər çoxdur. Yəqin ki, hələ çox çəkiləcək. İkinci Qarabağ müharibəsi, ümumiyyətlə, bu savaş haqqında tammetrajlı bədii, həmçinin bədii-sənədli və sənədli filmlər sarıdan kasadlığımız dönə-dönə vurğulanıb.

Milli kinematoqrafiyamızda 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onun qəhrəmanları, bədənində və ruhunda savaşın dağıdıcı ağrılarını daşıyan insan talelərinin ekran təcəssümləri, az da olsa, var. Özü də o “az da olsa” dediyimiz filmlər, əsas etibarilə, şəxsi təşəbbüs və məhdud büdcə ilə ərsəyə gələn işlərdir.

Müharibə ağrıları ilə müharibədən sonra “savaşan” insanların hissləri bədii filmin gücü və ifadə dili ilə daha təsirli çatdırıla bilir deyə bizim tamaşaçı olaraq məhz bu nümunələrə ehtiyacımız var...

Fevralın 27-də “CinemaPlus Azərbaycan”da Azərbaycan Kinematoqrafçılar (AKİ) İttifaqının təşəbbüsü ilə “Mən burdayam, İlahi!” bədii filminin nümayişi oldu.

İkinci Qarabağ müharibəsi qəhrəmanı qazilərimizin ortaq ağrılarını bir qəhrəmanın timsalında təqdim edən film kino mütəxəssisləri və sadə tamaşaçılar tərəfindən geniş müzakirə olundu.  

Tədbirin moderatoru, kino tənqidçisi Sevda Sultanova milli kinomuzun müasir tarix qarşısında mənəvi borc, məsuliyyət daşıdığını dedi: “Bir neçə dəfə qeyd etmişəm, yenə xatırlatmağı lazım bilirəm, hələ də Xocalı, 20 Yanvar faciələri haqda tammetrajlı bədii filmlər çəkilməyib. Vətən Müharibəsi haqqında isə ötən illərdə prokata çıxmış, peşəkar səviyyədə, müstəqil büdcə ilə çəkilmiş iki film olub: Saida Haqverdiyevanın “Köhnə çamadanlar” və Qulu Əsgərovun “Mən burdayam, İlahi!” filmləri. Bu gün “Mən burdayam, İlahi!” filmi göstəriləcək. Film Qarabağ qazisinin hekayəsini anladır”.

Sonra film nümayiş olundu.

“CİNEART GROUP” kino şirkəti tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadə, bəstəkarı Rasim Məmmədov, quruluşçu rəssamı Ziya Doluxanovdur.

Filmdə Əməkdar artistlər Rasim Cəfər, Leyli Vəliyeva, Ayşad Məmmədov, Nəsibə Eldarova, həmçinin aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Aygün Əlipənahova, Günay Həsən və başqaları çəkiliblər.

Real hadisələr əsasında çəkilmiş filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir.

Üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı Teymur (R.Cəfər) anasının dünyasını dəyişdiyini və qızı Saranın (A.Əlipənahova) internata himayəyə verildiyini öyrənir. Müharibədən yaralı qayıdan qalib əsgərin ikinci böyük mübarizəsi başlayır: övladına sahib çıxmaq üçün həyatını qaydasına salmalıdır. Amma bu elə də asan olmur. Çünki onun özünün qayğıya ehtiyacı var. Döyüşdə aldığı yara və kontuziya səbəbindən bədəni gücdən düşüb, əhvalı tez-tez dəyişir. Belə olduqda uşağını ona qaytarmaq da müşkülə çevrilir. Doğrudur, qonşuları, xüsusən, Sevinc (G.Həsən) ona çox dəstək olsa da, bunların heç biri Saranın evə qayıtması üçün yetərli deyil. Deməli, kimsə bir fədakarlıq etməlidir və sözsüz ki, bunu kiminsə boynuna qoymaq müşküldür. Amma Sevinc bunu sevə-sevə edir: anasının etirazına baxmayaraq, Teymurla evlənir və ata ilə qızının qovuşmasına səbəb olur...

Xatırladaq ki, “Mən burdayam, İlahi!” bədii filmi 2023-cü ildə AKİ-nin “Ən yaxşı prodüser işi” (Nicat Dadaşov və Həsən Axundov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb. Qurum filmə informasiya və maliyyə dəstəyi də göstərib.

Filmin maraqlı süjet xətti olsa da hadisələr arasında keçidlərdə səthilik və mövzunun təqdimatındakı təbiilik cəhdləri o qədər də ürəkaçan deyil. Üstəlik, biz Teymur və onu əhatə edən insanların simasındakı bezginlik və biganəliyin həqiqi anlamının kinematoqrafik izahını görə bilmirik.

Film boyu ayrı-ayrı səhnələrdə həkimin, polisin, internat müdirinin laqeydliyində, ata ilə qızı arasındakı münasibətdəki natamamlıqda, təsvirlərdəki şərtilikdə çaş-baş qalırıq. Ata qızını çox sevir, onu evlərinə qaytarmaq üçün hər cür fədakarlığı edir. Üstəlik, qızı da atasına çox bağlıdır. Amma rejissor bu münasibətlərin təsirli ekran təsviri üzərindən, bir-iki detal istisna olmaqla, ötüb keçir.

Film boyu ən təsirli iki səhnə – ata ilə qızının kafedə yemək yeyərkən Teymurun növbəti tutması (səhhətinin qəfil pisləşməsi) və evlərinin həyətində qızı atasından qoparılıb internata aparılan vaxt atanın fəryadı idi. Ümumiyyətlə, rejissor ekran işinin təsvir dilini elə də uğurlu seçməmişdi. Ya da buna texniki baxımdan gücü çatmamışdı.

Digər tərəfdən, rejissor film boyu bizə Teymur ilə Sevinc arasındakı münasibət üçün ip ucu vermir. Beləcə, yalnız sonda onların evləndiyi səhnə görünür. Biz dramaturji xətdə bu qızın sevgidənmi, fədakarlıqdanmı, yoxsa çarəsizlikdənmi Teymurla evləndiyini hiss edə bilmirik.

Filmdə Sevincin anası rolunu oynayan Leyli Vəliyeva (Leyla) daha təsirli, inandırıcı və əsaslandırılmış oyunu ilə yadda qaldı. O, sözsüz ki, bir ana kimi öz narahatlığını, qızının fiziki və mənəvi ağrılardan qurtula bilməyəcək Teymurla evlənməsini istəmir. Aktrisa ananın məqsədli intuitiv etirazını yaxşı təqdim edir.

Bütünlükdə filmin baş qəhrəmanı R.Cəfər savaşın zərbələrini bütün varlığı ilə hiss edən, yaşadıqlarının ağırlığında dözüm nümayişinə çalışan Azərbaycan kişisinin, müharibə iştirakçısının ağrılarını hiss etdirməyə cəhd göstərir. Amma onun aktyor kimi səs tembri ilə uyğun olmayan qəhrəmanını başqa aktyorun səsləndirməsi daha effektiv alınardı.

Real hadisələr əsasında çəkilən filmdə döyüş səhnəsindəki iki yaralı əsgərin (onlar qısa müddət sonra şəhid olurlar) dialoqu (1-ci Əsgər: “Müharibə qurtaran kimi evlənəcəm”. 2-ci Əsgər: “Onun toyunda özüm oxuyacam”) və tənhalıq içərisində dostlarının laqeydliyinə eyham kimi Teymurun qızına yazdığı mesaj (Dostlarım sağ olsunlar, məni heç tək qoymurlar), düşünürəm ki, müharibə və onun ağrısı barədə ən sadə və çılpaq təsvirlərdir.

Filmin bəstəkar işi, musiqi həlli zəif olsa da, qrim ustası və işıq üzrə rəssamı işlərini ustalıqla icra etmişdilər.

Nümayişdən sonra baş tutan geniş müzakirədə yaradıcı heyət moderator və tamaşaçıların suallarını cavablandırdılar.

Ümumilikdə, üç filmin müəllifi olduğunu deyən rejissor onlardan ikisinin tammetrajlı, digərininsə qısametrajlı olduğunu dedi: “Bütün filmlərimdə hər xırda nüansı görə bilirəm. Montajda, ekranda baxanda “filan epizodu, kadrı belə çəkərdim” dediyim olub. Film çəkə-çəkə böyüyürük. Çalışırıq ki, növbəti filmdə o səhvləri etməyək. Amma tam istədiyim kimi alınmayıb. Bu da normaldır, maddi sıxıntılarımız çox oldu”.

Filmin ssenari müəllifi Nicat Dadaşov mövzu ilə bağlı çoxlu sayda hekayələrin olduğunu dedi: “Ssenarini işləyəndə görüşdüyümüz qazilər maraqlı hekayələr danışırdılar. Hamısı da ekranlaşdırmağa layiqdir. Onların əksəriyyəti müharibədəki hadisələrdən danışırdılar. Postmüharibə dövrünə toxunan hekayələr isə çox az idi. Amma bizim kinomuzun bu şəraitində, bu məqamında onların hekayələrini çəkmək səhv addımdır. Çünki buna nə sərmayə, nə texniki hazırlığımız var. Ümumiyyətlə, hazır deyilik”.

Teymur rolunun ifaçısı Rasim Cəfər isə obrazı üzərində necə çalışmasından danışdı: “Biz Qulu ilə uzun müddət bu barədə danışırdıq, söhbət edirdik. Hər gün görüşürdük, müzakirə edirdik ki, necə bir personaj olmalıdır, travması nədir. Çox məşq edirdik. Günay Həsənlə məşqlərimiz olurdu, personajı axtarırdıq. O ərəfələrdə qazilərin müsahibələrinə baxırdım. Yaralanmış 15 nəfər qazinin müsahibəsinə baxdım, bir qazi mənə xüsusən doğma gəldi. Düşündüyüm personaj daha çox o qaziyə bənzədiyi üçün onun üzərində dayandım və daha çox ondan nələrisə götürdüm”.

Sevinc rolunun ifaçısı Günay Həsən isə mövzunun ona çox yaxın olduğunu dedi: “Filmin titrlərində adı qeyd olunan şəhid Teymur Osmanlı mənim çox yaxın dostum olub. Müharibədə qardaşım da şəhid olub. Mövzunun içində doğulmuşam. Ona görə bu obrazı oynamaq çətin olmadı”.

Həmidə