Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dövlət Pantomima Teatrının 30 illiyinə həsr olunmuş etüd müsabiqəsi təşkil edilib.
Fevralın 29-da keçirilən müsabiqədən öncə ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva və Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Müsabiqədə ADMİU-nun Teatr sənəti fakültəsinin dram teatrı və kino aktyoru, musiqili teatr aktyoru, eləcə də SABAH mərkəzinin dram teatrı və kino aktyoru ixtisaslaşmaları (bakalavriat səviyyəsi) üzrə I və II kurs tələbələri iştirak ediblər.
Martın 1-də müsabiqəyə yekun vurulub. Etüdlərlə bağlı münsiflərin fikirləri səsləndirilib, qaliblər elan olunub.
SABAH mərkəzi SBAS22 qrupu (Heyran Abdullayeva, Məhəmməd Gülmalıyev, Atilla İbrahimli) “Nənəmin xalçası” etüdü ilə 1-ci yerə layiq görülüb.
I, II, III yerləri tutanlara diplom və hədiyyələr, digər iştirakçılara sertifikatla təqdim olunub.
Qeyd edək ki, I yerin qalibləri mart ayının sonunda Gürcüstanda Şota Rustaveli adına Dövlət Teatr və Kino Universitetinin təşkilatçılığı ilə keçiriləcək festivalda iştirak edəcəklər.