Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə "Musiqi kimliyimiz" adlı layihə həyata keçirilir.
Layihənin ilk musiqi axşamında aşıqlar Elbrus Hüseynov və Şöhrət Kərimov “Aşıq Alının Zəngəzur səfəri” dastanını söyləyiblər.
Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov aşıq sənətinə olan dövlət qayğısından söhbət açıb. Bildirib ki, aşıq sənəti Azərbaycan folklor sənətinin bünövrəsidir. Bu layihə mütəmadi olaraq davam edəcək.
Layihənin ikinci günündə Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində təşkil olunan konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbinin sazçalanlar ansamblı çıxış edib. Şagirdlər "Ələsgər gözəlləməsi", “Şirvan gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş müxəmməs”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.