Bu gün tanınmış saksofon ifaçısı, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı Rafiq Seyidzadə 85 illik yubileyini qeyd edir.
Yubileyi münasibətilə sənətkara zəng edib redaksiyamızın kollektivi adından təbriklərimizi çatdırdıq, əhvalını xəbər aldıq. "Yubiley yaşınızı necə qeyd edəcəksiniz" sualımıza cavabında dedi ki, illərdir ad gününü, xüsusən də, yubileylərini ən yaxın dostları ilə keçirir: "Yubileyimi əksəriyyəti incəsənət xadimləri olan dostlarım və ailəmlə birlikdə qeyd edəcəyəm. Bu yubileydə gözəl bir məclis olmalıdır. Hər beş ildən bir biz bir araya gəlib həyatımızın gözəl məqamlarını, yaşadığımız gözəl günləri xatırlayır, səmimi ortamda ürək sözlərimizi, düşüncələrimizi bölüşürük".
Rafiq müəllim deyir ki, 70 ildən çoxdur saksofon mənim ən əziz dostumdur: "15 yaşımdan musiqi mənimlədir. Əvvəllər, demək olar, hər gün ya evdə, ya da konsertlərdə ifa edirdim. Son zamanlar hərdən saksofonu götürüb ürəyimi boşaldıram. Bu mənə çox pozitiv əhval bəxş edir. Həm də saksofon ifaçılığım məni şəxsiyyət kimi yetişdirib, onun sayəsində tanınmışam. Bu alət məni tanıdıb ki, hazırda siz məndən müsahibə alırsınız. Sənət mənim üçün həyatdır. Uşaq yaşlarımdan klarneti özüm sevib seçmiş, fəth etmişəm. Müəllimdən dərs almadan mən sənəti mənimsəmişəm. Öyrənmişəm deməzdim, çünki öyrənmək o deməkdir ki, müəllimdən dərs alırsan. Amma mən bu sənəti mənimsəmişəm. Sonradan vokal dərsləri də almışam. 1955-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin Vokal şöbəsinə daxil oldum. Orada təhsil alarkən saksofona meyil saldım. Məni tanıyanların çoxu bilir ki, Rəşid Behbudov sənətinin vurğunu idim, bütün mahnılarını bilirdim. Onun ifaçılıq ustalığı, estetikası mənə sənətdə düzgün yön verib. Hər zaman onun peşəkar səviyyəsinə çatmağa çalışmışam. O, əlbəttə, əlçatmaz sənətkar idi. Musiqi aləmini mənə sevdirən onun sənəti olub".
Sənətkardan hər zaman şən-şux əhvalda olmasının səbəbini də soruşduq: "İncəsənət sahəsində çalışan insan, əlbəttə, pozitiv ruhda olmalıdır. İnsan çalışır hər şeyə yaxşı gözlə baxsın, ətrafına qarşı xeyirxah olsun. Məncə, əksər sənətkarlar belə olur. Ümumilikdə isə, deyərdim ki, sənət özü insanı formalaşdırır. Etiraf edim ki, gənclik çağlarımda bir az sərt idim. Biz dörd qardaş idik və bacımız yox idi. Fikrimcə, evdə bacının olması qardaşın həyata baxışında da mühüm rol oynayır. Həyat yoldaşım Natəvan xanımla (Xalq artisti, müğənni Natəvan Şeyxova - red.) rastlaşdıqdan sonra onun nəcibliyi, mülayimliyi mənə də təsirsiz ötüşməyib. Onun məhəbbətlə dolu qəlbinin ab-havası mənə təsir edərək hər zaman belə xoş əhvalda olmağıma səbəb olur. Mən onunla həyata müsbət baxışlarla yanaşaraq insanları sevməyə başlamışam. Bir də sənət insanı mülayimləşdirir".
Musiqi sənətimizlə bağlı düşüncələrini bölüşən yubilyar deyir: "Bizim ciddi klassik sənətimiz dünyada geniş şöhrət qazanıb. Həm də estrada sənətimiz sovet respublikaları ilə yanaşı, keçmiş ittifaqın hüdudlarından kənarda da populyar idi. Bu gün sanki estradamız bir qədər zəifləyib".
Qısa söhbətimizin sonunda Rafiq Seyidzadə sənətini sevənlərə, oxucularımıza ürək sözlərini ünvanlayır: "Qarşıdan üç ilaxır çərşənbə və mənim ən sevdiyim Novruz bayramı gəlir. Bu münasibətlə xalqımıza xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Bu il biz dünyaya alnıaçıq, cəsarətlə baxa bilirik. 30 il əsarətdə qalan torpaqlarımıza görə özümüzü hədsiz narahat hiss edirdik. Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Qalib gəlmiş xalqın nümayəndəsi olmaq böyük bir xoşbəxtlikdir”.
Qeyd edək ki, 1939-cu ildə Bakı şəhərində anadan olan Rafiq Seyidzadə əslən Cənubi Azərbaycanın Əhər şəhərindəndir. Gənc yaşlarından klarnet ifaçılığına meyil edən sənətkar sonradan Asəf Zeynallı adına Musiqi Texnikumunda vokal təhsili (hazırki Milli Konservatoriya nəzdində Musiqi Kolleci) və İncəsənət İnstitutunda təhsil alıb. Sonradan saksofon aləti onu özünə cəlb edib. Gənclik illərində Bakı Dövlət Sirkində, Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. Fəaliyyəti dövründə Teatr Cəmiyyəti, Dövlət Filarmoniyası və Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb.
Poeziyaya bağlı olan musiqi xadimi şeirlər yazıb, mahnılar bəstələyib. Nəğmələrini vaxtilə tanınmış müğənnilər ifa ediblər.
Özünü sənət aləmindən ayrı təsəvvür etməyən ustad ifaçıya yaradıcılıq şövqü ilə dolu fərəhli ömür arzulayırıq.
Lalə Azəri