Antalya Diplomatiya Forumunda dünyanın bir çox ölkəsindən diplomatlar toplaşıb dövrümüzün ən aktual məsələlərini nəzərdən keçirirlər. Bu mühüm platforma şübhəsiz ki, müxtəlif dövlətlər arasında sülh münasibətlərinin qorunmasına və ya yenidən qurulmasına, eləcə də beynəlxalq aləmdə cərəyan edən bütün mənfi proseslərin diplomatik yolla həllinə töhfəsini verəcək.
Bu fikirləri açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova bildirib.
Forumun əhəmiyyətinə toxunan A.Raimkulova qeyd edib: “Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının mədəniyyəti və irsi ilə bağlı görüşlər keçirilir, həmçinin mədəniyyət və təhsil sahələrində aktual məsələlər müəyyənləşdirilir. Bizim fond öz fəaliyyətində “Türk dünyasının baxışı–2040” və “TÜRKTAYM” kimi proqram sənədlərinə əsaslanır. Bu proqram sənədlərində bütün Türk təşkilatlarının fəaliyyətinin strateji istiqamətləri və prioritetləri əks olunub. Biz də öz növbəmizdə Türk dövlətlərinin mədəniyyətinin təbliği, mədəni irsinin qorunması və dəstəklənməsi çərçivəsində həmin bu sənədlərə uyğun işləyir, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təşkilatları, dövlət idarələri ilə də əməkdaşlıq edirik”.