Tarix Muzeyində Azərbaycan və bolqar irsinin təbliği

 

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Yaz paralelləri” adlı tədbir keçirilib. Layihə Azərbaycanda və Bolqarıstanda baharın qarşılanmasına həsr olunub. Məqsəd iki ölkə arasında qarşılıqlı olaraq xalqlarımızın tarixi və mədəni irsini, adət-ənənələrini təbliğ etməkdir.

Qızılgül Bolqarıstanın, xarıbülbül isə Azərbaycan xalqının qələbəsinin rəmzidir. Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Yaz paralelləri” layihəsinə cəlb olunan bolqarıstanlı uşaqlar xarıbülbülün rəsmini çəkiblər. Tədbirdə onların əl işləri videoçarx vasitəsilə nümayiş etdirilib. Həmçinin Azərbaycanın “Uni Kids Club”unun üzvləri tərəfindən çəkilən Bolqarıstana həsr olunmuş rəsmlər sərgilənib.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondunda Bolqarıstanın hökumət nümayəndələri və ictimai xadimləri tərəfindən muzeyə verilmiş 100-ə yaxın hədiyyə qorunub saxlanılır və həmin materiallar “Dost ellərin hədiyyələri” adlı kataloqda yer alıb. Həmin hədiyyələr fotoslayd vasitəsilə nümayiş etdirilib.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və Bolqarıstan səfirliyinin əməkdaşı Vladimir Bakırciyev çıxış ediblər. “Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Bədii hissədə Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik Musiqi məktəbinin nağaraçalanlar ansamblı, “1001 gecə” xoreoqrafiya studiyası, “Uni Kids Club”un üzvləri və s. musiqi və rəqs nömrələri təqdim ediblər.