Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı-publisist Dürdanə Qaraşovanın Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Musa oğlu Qasımova (12.03.1970 – 23.12.1991) həsr olunmuş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazi Abbas Abbaslı, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şakir Əlifoğlu, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin direktoru Faiq Qurbanov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aytən Fətullayeva və digər qonaqlar, şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın əzm və iradəsi, birlik və həmrəyliyi sayəsində şanlı Zəfər qazandığımızı diqqətə çatdırıb. Direktor Vətən uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin yeni nəsillərə örnək olduğunu bildirib, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətini qeyd edib.
Müəllif Dürdanə Qaraşova kitabın ərsəyə gəlməsində zəhməti olanlara bildirib.
Digər çıxış edənlər də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması, filmlərin lentə alınması, muzeylərdə şəhidlərin şəxsi əşyalarından ibarət guşələrin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Şəhidin ailə üzvləri Çingiz Qasımovla bağlı xatirələrini bölüşüblər.
Sonda müəllif nəşri kitabxanaya hədiyyə edib.