Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) stendi 27-29 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində (EURIE-2024) nümayiş olunub. Avrasiya Universitetlər Assosiasiyasının təşkilatçılığı ilə İstanbul Lütfi Kırdar Konqres Mərkəzində təşkil olunan sammitdə AzMİU-nu İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin müdiri İsa Muradov, Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova təmsil edib.
Bu barədə AzMİU-dan məlumat verilib. Bildirilib ki, 67 ölkədən nümayəndənin qatıldığı sammitdə Türkiyə ilə yanaşı, ABŞ, Avropa, Asiya və Afrikadan olan təhsil şirkətləri, o cümlədən 2 mindən çox rektor, akademik heyət və sahibkar iştirak edib. Sammit çərçivəsində 62 panel, seminar və konfransda 156 məruzə dinlənilib. Müzakirə olunan məsələlər arasında beynəlxalq tələbə sayının artırılması, ali təhsil sektorunun layiq olduğu səviyyəyə çatdırılması kimi əsas məqamlar olub. Sammitin konfrans bölmələrində isə ali təhsil sektorunda son yeniliklər, beynəlxalq təhsillə bağlı problemlər və həlli təklifləri, təcrübələr, panellər, seminarlar və dəyirmi masa görüşləri yer alıb.
Sammitdə AzMİU-nun stendinə maraq böyük olub. AzMİU əməkdaşları tərəfindən ziyarətçilərə universitetin təhsil və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verilib, ali təhsil müəssisələri üçün ayrılan məkanda AzMİU-nun təqdimatı keçirilib. Avropa, Asiya və Türkiyədən universitet nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin qurulması üçün razılığa gəlinib.
Qeyd edək ki, sammitdə AzMİU ilə yanaşı, Azərbaycandan 5 ali təhsil müəssisəsi təmsil olunub.