Teatrlar 10 martı necə qeyd edəcəklər?
Martı, baharın ilk ayını sevməyən çətin tapıla. Xalqımızın birlik və bərabərlik, anamız təbiətlə əbədi sevdasının vüsalıdır, məncə, mart. Nə bilmək olar, bəlkə xalqın ziyalı, yaradıcı insanları əsr yarım öncə (1873) peşəkar milli teatrımızın təməlini qoyanda da Novruz ərəfəsini (10 mart) təsadüfən seçməyiblər.
Sözsüz ki, xalq teatrının, milli oyun mədəniyyətinin tarixi onun peşəkar səhnə dönəmindən çox-çox qədimdir. Ulularımız qədim zamanlarda odla, suyla, torpaqla, küləklə sirli təmasdaykən oyun mədəniyyətimizdəki “Xıdır Nəbi”, “Sayaçı”, “Novruz”, “Kəvsəc”, “Qodu-qodu”, “Kosa-gəlin” kimi daha neçə-neçə tamaşalar, xalq ayin və oyunlarından bəhrələnən kütləvi həsb-hal fürsətləri yaradıblar. Amma onun peşəkarlıq yolu, yəni səhnə tərtibatlı, rejissor yozumlu, aktyor mizanlı zühuru 151 il əvvəl başlayıb.
1873-cü ilin 10 mart tarixində Bakıda böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı-dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub...
Ənənəvi olaraq, teatr camesi və teatra sevdalı tamaşaçıların xüsusi qeyd etdiyi bu günü sənət ocaqları premyera, fərqli tədbirlərlə daha da yaddaqalan etmək, özlərinə bayram ovqatı yaşatmaq istəyirlər.
Gəlin, görək bu dəfə peşə bayramını teatrlarımız necə qeyd edəcək?
Akademik Milli Dram Teatrı tamaşaçılarını premyera – “Əsrə bərabər gün”lə salamlayacaq. Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məşhur romanı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnə üçün işləyəni Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da, ənənəsinə sadiq olaraq, yenə 10 martda teatrsevərlərin görüşünə yeni tamaşa ilə gələcək. Saat 12:00-da “İki küpəgirən qarı” (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların ixtiyarına veriləcək. Həm ana dilimizdə, həm də rus dilində hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Akademik Opera və Balet Teatrı 10 martda “Trubadur” operasının növbəti tamaşasını (BMA-nın Opera Studiyasının səhnəsində) təqdim edəcək.
Akademik Rus Dram Teatrında milli koloritli səhnə əsəri – dramaturgiyamızın banisi M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”ı yenidən zühur edəcək.
Dövlət Gənc Tamaşaçılar Teatrı uşaqlar üçün “Möcüzəli pillələr”i təqdim (saat 12:00) edəcək. Səhnə əsərinin müəllifi mərhum Xalq artisti Ağaxan Salmanlıdır.
Axşam seansında isə Xalq artisti Naibə Allahverdiyevanın “Gerçəkləşməyən arzular”ının benefisi olacaq. Əməkdar artist Nicat Kazımovun quruluşunda.
Yuğ Dövlət Teatrı M.Vişnekin əsəri əsasında səhnələşdirilən “Kloun Bizzz”i (quruluşçu rejissor Mikayıl Mikayılov) göstəriləcək.
30 yaşının həyəcanı ilə başı yubileyə qarışan mimçilər bu dəfə də bizi “Pantomima buketi”nə qonaq edəcəklər.
Azərbaycan Dövlət Kukla Teatrı da peşə bayramına premyera ilə gəlir. X.Əlibəylinin mənzum pyesi – “Dovşanın ad günü” kuklaçıların yeni yozumunda səhnəyə çıxacaq. Eyniadlı tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyevadır.
Bakı Uşaq və Gənclər Teatrında isə S.S.Axundovun eyniadlı əsəri əsasında İlhamə Əhmədovanın quruluş verdiyi “Qaraca qız”ın premyerası olacaq. Fransız yazarı R.Şartın “Arvadım olun” əsəri teatrın ikinci premyerasıdır və onun da nümayişi 11 martda nəzərdə tutulub. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır.
Milli Teatr Günündə bölgə teatrları “açıq qapı” aksiyaları keçirəcəklər. Teatrsevərlər yerlərdəki sənət ocaqlarında ödənişsiz tamaşa seyr edə biləcəklər.
Lənkəran Dövlət Dram Teatrında “The Müqəssir” (rejissor Abdulla Elşadlı), Şəki Dövlət Dram Teatrında “Ezop” (rejissor Mirbala Səlimli) tamaşaları təqdim ediləcək.
Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti şəhər sakinlərində bayram ovqatı yaratmaq üçün karnavalsayağı tədbir də hazırlayıb. Martın 10-da “açıq qapı” günü çərçivəsində çıxışlar olacaq, rəqslər ifa olunacaq və tamaşalardan səhnəciklər göstəriləcək.
Qazax Dövlət Dram Teatrı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan “Love butik” tamaşasının (rejissor Mirzə Nicat) premyerasını edəcək.
Füzuli Dövlət Dram Teatrında isə premyera olacaq. Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” əsəri əsasında hazırlanan eyniadlı səhnə aktının quruluş müəllifi Asif Şirinovdur.
Bölgə kuklaçıları da xüsusi günü premyera ilə qeyd etməyə hazırlaşırlar.
Gəncə Dövlət Kukla Teatrında uşaq yazarı Aləmzər Əlizadənin “Balqabağın Ay yuxusu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın (quruluş: teatrın baş rejissoru Şamil Məmmədli) premyerası baş tutacaq.
Qax Dövlət Kukla Teatrında da premyera var. Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanovun quruluşunda yerli dramaturq Osman Abdullayevin “Tülkü və quyruq” tamaşası təqdim olunacaq.
Salyan Dövlət Kukla Teatrının kollektivi isə tamaşaçılara mərhum kuklaçı, Əməkdar artist Ələkbər Hüseynovun “Xoşbəxtlik quşu” tamaşasını göstərəcək. Eyniadlı tamaşaya teatrın direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova quruluş verib.
Həmidə