Lerik Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi, Mədəniyyət Mərkəzi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Lerik şəhər Arif Nuriyev adına 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxışlarda bildirilib ki, sağlam nəslin formalaşması ölkəmiz üçün başlıca vəzifələrdən biridir. Narkomaniya ilə mübarizə üçün bu sahədə maarifləndirmə işi də lazımi səviyyədə qurulmalıdır.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən “Fövqəladə hallarda həyat təhlükəsizliyinin təmin edilməsi” adlı maarifləndirici tədbir keçirilib. Çıxışlarda fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.

***

Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ümumdünya Mülki Müdafiə Günü (1 mart) ilə əlaqədar “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib. Mülki müdafiə tədbirləri, bu sahədə Fövqəladə Hallar Nazirliyinin vəzifələri, fəaliyyəti haqqında çıxışlar olub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nurəddin Məmmədli