Bakı Slavyan Universitetində (BSU) "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis iclası keçirilib.
Bu barədə universitetdən məlumat verilib. Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışıb. Rektor ölkəmizin məhz bu kontekstdən çıxış edərək təkcə Azərbaycanda deyil, daha geniş formatda, qlobal səviyyədə dünyada ətraf mühitin qorunması, yaşıl dünyanın təşviqi kimi məsələlərə dəstək verdiyini bildirib. O, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin BSU-nun qarşısında da müvafiq vəzifələr qoyduğunu qeyd edib. Rektor bununla bağlı BSU-nun il ərzində müxtəlif səpkili tədbirlər, aksiyalar, elmi konfranslar keçirəcəyini, bu proseslərə öz töhfəsini verəcəyini vurğulayıb. Bu proseslərdə gənclərin, xüsusilə könüllülərin mühüm rolu olduğunu diqqətə çatdıran A.Nağıyev təşkilatlanma işi kimi universitetdaxili könüllü təşkilatın - “Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun yaradılmasından söz açıb. Bildirib ki, bu təşkilatın yaradılmasında məqsəd tələbələrin universitet daxilində, Nəsimi rayonu ərazisində, eyni zamanda, daha geniş kontekstdə həm könüllülük ideyasını, həm də “Yaşıl dünya naminə” fəaliyyətini dəstəkləməkdir. Rektor bu təşkilatın növbəti illərdə də universitetin ən innovativ ideyalarını üzə çıxaran mərkəzə çevriləcəyinə əminliyini ifadə edib.
BSU-nun Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva-Koşkun “Yaşıl dünya naminə BSU Könüllüləri”nin təşkilati məsələləri ilə bağlı məlumatları diqqətə çatdırıb.
Sonda açıq səsvermə yolu ilə təşkilatın idarə heyətinin sədri və üzvləri seçilib.