Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) fəaliyyət göstərən laboratoriyaların ənənəvi “Baxış” festivalı dördüncü dəfə keçirilir.
İttifaqın aktyor və rejissor laboratoriyalarında məşğul olan gənclər bir il ərzində öyrəndikləri barədə tamaşaçılar qarşısında hesabat verirlər. Üç gün ərzində (4, 6, 7 mart) ittifaqın böyük və kiçik səhnələrində göstərilən tamaşalara giriş sərbəstdir.
Martın 4-də keçirilən açılış mərasimində ATXİ-nin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov yaradıcı gəncləri teatr ictimaiyyətinə təqdim etmək, onların fəaliyyətini stimullaşdırmaq və istiqamətləndirmək məramlı festivalın əhəmiyyətindən danışdı. İttifaqda yaradıcılıq laboratoriyalarının yaranmasından 10 il keçdiyini və bu müddətdə maraqlı layihələrin icra olunduğunu yada saldı.
Festival marafonuna qoşulan gənclərə uğurlar arzulayan Hacı İsmayılov vurğuladı ki, ümumilikdə teatr məkanında yaradıcılıq proseslərini fəallaşdırmaq layihənin məqsədlərindən biridir.
Ardınca “Baxış – 4” festivalının proqramındakı ilk tamaşa – “Gözəllik kraliçası” nümayiş olundu.
İngilis dramaturq Martin MakDonaxın “Lineynin gözəllik kraliçası” əsəri (“Lineynin trilogiyası”ndan) əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Könül Şahbazova, musiqi tərtibatçısı Qurban Əhmədovdur. Rolları Gülər Ləzgiyeva, Sovqat Səmədova, Mehman Piriyev və Toğrul İsabəyli ifa edirdilər.
Pyesin süjet xəttində Meq adlı 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı ərə getməmiş qızı Morin Folanın taleyi dayanır. Morinin bacıları ərə gedərək bu aqibətdən canlarını qurtarıblar. Keçmişdə ruhi xəstəliyi ilə əlaqədar olaraq xəstəxanada yatan Morin anasına tablaşmağa məcburdur. Onları birləşdirən məhkumiyyətdən başqa bir şey deyil. Amma o həm də hesab edir ki, anası olmasaydı, o daha xoşbəxt olardı. İngiltərədən yenicə gəlmiş Pato Dulin keçmiş sevgilisi Morinin həyatına rəng qatmağa çalışsa da, heç nə alınmır. Morin yenə tək qalır və nəticədə bütün intiqamını illərlə saxladığı kininə bələyərək anasından çıxır, onu boğur. Sözsüz ki, tənhalıq içində yalnız qalan Morin bədbəxtlik içərisində taleyi ilə təkbətək qalır.
Ağır mövzuya yenilikçi baxış sərgiləyən tamaşanın rejissor təqdimatı və buna adekvat aktyor oyunu yaddaqalan oldu.
***
İlk günün ikinci tamaşası da məlum mövzu ətrafında idi. Fransa-Belçika yazıçısı Erik-Emmanuel Şmittin “Oskar və çəhrayı xanım” romanı əsasında hazırlanan “Oskar” tamaşası nümayiş olundu.
Ağasəlim Feyzullayevin quruluş verdiyi səhnə işinin musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Əli Nurzadə və Aynur Mustafayeva ifa edirdilər.
Əsər xərçəng xəstəliyindən əziyyət çəkən on yaşlı uşağın həyatından, xəstəxanada keçirdiyi vaxtdan, ona baxıcılıq edən çəhrayı geyimli Roza nənə ilə münasibətlərindən bəhs edir.
Oskar optimist, həyatsevər olsa da, artıq onun üçün hər şeyin geridə qaldığını anlayır və bu onun özündən başqa doğmasına çevrilən Roza nənəni çox üzür. Ölümünə günlər qalan Oskar nağıllara inanmaq istəyir və Roza nənənin ona danışdığı nağıllarla özünə çəhrayı dünya yaradır.
Özünü 15, 20, 30 yaşında təsəvvür edən Oskar məktublar yazmağa başlayır. 14 məktub yazaraq özündən sonra iz qoymağa çalışır, həyatla rəngli şarların, yarıqaranlıq və soyuq xəstəxana palatası kimi təsvir olunan otağa həyatsevərlik bəxş edən işıqların müşayiəti ilə ömür səhnəsindən enir.
Məhdud məkana uyğun rejissor həlli diqqətəlayiq idi və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
***
“Baxış – 4” festivalının daha dörd tamaşası 6 və 7 martda nümayiş olunacaq.
Festivalın nəticələri 10 mart – Milli Teatr Günündə açıqlanacaq və qaliblərə mükafatlar veriləcək.
Həmidə