“Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan “Qarabağ” FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri martın 1-də Heydər Əliyev Mərkəzində nümayiş olunub.

Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət və hökumət rəhbərləri, tanınmış kino xadimləri, “Qarabağ” Futbol Klubunun kollektivi və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar “Qarabağ FK – 30 mövsüm səfərdə” tammetrajlı sənədli filmini izləyiblər.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Nazim Hüseynov, Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

Nümayişdən sonra çıxış edən “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl ölkə başçısı İlham Əliyevin komandaya göstərdiyi diqqət və qayğıdan danışıb. Ekran əsərinin ərsəyə gəlməsinə görə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya və filmin yaradıcı kollektivinə təşəkkürünü bildirib.

“Qarabağ” Futbol Komandasının baş məşqçisi Qurban Qurbanov film barədə fikirlərini söyləyib: “Filmi izləyərkən bir daha əmin oldum ki, mənim çox güclü futbol kollektivim var. Mən komandada döyüşçü ruhunu hər zaman saxlamaq istəyirəm. Necə ki, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsinin hər günündə bu ruhla Zəfər qazandı. “Qarabağ” Futbol Komandası bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə davam edəcək”.

Çıxışlardan sonra “Qarabağ” Futbol Klubu adından Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim edilib.

2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan Ağdamın “Qarabağ” klubunun tarixindən, nailiyyətlərindən bəhs edir.

Yaradıldığı Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra köçkün durumuna düşən komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib. Ekran əsərində klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.

Qeyd edək ki, Ağdamda peşəkar futbol komandası 1951-ci ildə şəhər stadionu istifadəyə veriləndən sonra formalaşıb. Komanda əvvəl “Məhsul” adı ilə çıxış edib, 1982-ci ildən 1987-ci ilə qədər isə “Kooperator” adı ilə yarışlara qatılıb. 1988-ci ildən “Qarabağ” adını daşıyır.

Müstəqillik dövründə Azərbaycanın ən titullu futbol komandası kimi “Qarabağ” FK 10 dəfə Azərbaycan çempionu olub. 8 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqası, 1 dəfə Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk və tək Azərbaycan klubudur.

Üç hissədən ibarət film “Qarabağ” komandasının hekayəsidir. Vətənindən didərgin düşsə də, ayaqda qalmaq və sonda doğma yurda qayıtmaq arzusunu itirməyən əyalət klubunun ölkənin əsas futbol komandasına çevrilməsinin ekran təcəssümü böyük maraqla izlənilib.

Nurəddin