“Böyük Qayıdış” I Dövlət Proqramının icrası üçün 2022–2026-cı illərdə təqribən 32 milyard manat məbləğində vəsait tələb olunur. 2021–2023-cü illərdə dövlət büdcəsindən bu məqsədlə 12,1 milyard manat vəsait ayrılıb.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabata əsasən, işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə rayon icra hakimiyyətinin, mərkəzi icra hakimiyyətləri və digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2023-cü il ərzində QRGS üzərindən 968 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1132 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib.

Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb.

Qeyd edilib ki, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı işləri aparılır, yaranan uyğunsuzluqlar araşdırılaraq rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin işçi qrupları tərəfindən 2023-cü il 30 dekabr tarixinədək Xankəndi şəhəri üzrə 307, Xocalı rayonu üzrə 219, Xocavənd rayonu üzrə 183, Ağdərə şəhəri üzrə 71, Kəlbəcər rayonu üzrə 56, Ağdam rayonu üzrə 9, Tərtər rayonu üzrə 37 obyekt olmaqla, ümumilikdə 882 obyektə baxış keçirilib, həmin obyektlərin əsas vəsaitləri inventarlaşdırılıb, foto və video materialları toplanıb, qapıları surğuclanıb. 53 obyektin mühafizəsi təmin edilib.

Nazirlər Kabinetinin hesabatına əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin inventarizasiyası işini ötən il də davam etdirib.

Hesabatda qeyd olunur ki, ötən il ölkənin müxtəlif rayonlarında yerləşən ümumilikdə 2 mindən çox tarix və mədəniyyət abidəsi barədə əldə olunan məlumatlar təhlil edilib. Təhlil nəticəsində məlum olub ki, ilkin mərhələdə 150 abidədə müvafiq olaraq bərpa-konservasiya işləri görülməlidir.