Ayrılığın sonu varmış...
12 il əvvəl yaradıcılıq, sənət məsələlərinə heç dəxli olmayan bir sıra səbəblər üzündən iki təşkilat arasında parçalanan kino cameəsi, nəhayət, birləşdi.
Martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı ittifaqların üzvlərinin iştirakı ilə konfrans keçirilib. Kino xadimlərini bir araya gətirən toplantıya isə Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) ev sahibliyi edib. Konfrans ATXİ-nin böyük zalında – “Aktyor evi”ndə gerçəkləşib.
Xatırladaq ki, AKİ 1963-cü ildən fəaliyyət göstərir. Uzun illər ittifaqın sədri olmuş Rüstəm İbrahimbəyovun vəfatından (2022) sonra AKİ-yə Xalq artisti Rasim Balayev rəhbərlik edir.
ARKİ 2012-ci ilin iyununda, bir qrup kino xadiminin AKİ-ni tərk etməsindən sonra yaradılıb və o vaxtdan bu quruma Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edib.
İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və iki təşkilatın birləşməsi haqqında ortaq bəyanat qəbul edilib.
Birləşmə konfransının gündəliyinə bu niyyətin rəsmiləşdirilməsi və vahid təşkilatın nizamnaməsinin təsdiqi, eləcə də sədr və idarə heyətinin seçilməsi məsələləri daxil edilib.
İki kino ittifaqının birləşməsi və yeni təşkilatın adının Azərbaycan Kinematoqrafçılar İttifaqı olması məsələsi səsverməyə qoyularaq, demək olar ki, yekdilliklə qəbul edilib. İştirakçılardan yalnız rejissor Xalq artisti Oqtay Mirqasımov birləşmənin əleyhinə səs verib.
Səsvermə ilə təşkilatın nizamnaməsi təsdiq edilib.
Sədr seçkisinə gəlincə, Şəfiqə Məmmədova yeni yaradılan kino ittifaqının sədrliyinə namizədliyini geri götürüb. Sədrliyə bir namizəd – Rasim Balayev təqdim olunub.
Xalq artisti Rasim Balayev yeni yaradılan (birləşmiş) Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxış edərək ona etimad göstərənlərə təşəkkürünü bildirib.
“Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirdim, çox sağ olsun”, – deyə o əlavə edib.
Xalq artisti milli kinonun mövcud durumuna da toxunub: “Təəssüf edirəm ki, ömrümün bu vədəsində, yaşlı vaxtımda kinomuz belə bir böhran yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu birliyimizlə yaşatmalıyıq. Baxın, mənim ayağımda hazırda problem var. Axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik. Azərbaycan kinosu tənəzzül edə bilər, olsun, amma əminəm ki, biz kinomuzu yenidən relsinə salacağıq...”.
Konfransda birləşmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni idarə heyəti seçilib. İdarə heyətinin tərkibində Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla təxminən 30 nəfərin adı təsdiqlənib.