Martın 5-də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın iştirakı ilə Serbiya Respublikasının Audiovizual və Elektron Media üzrə tənzimləyici qurumu REM-in nümayəndə heyəti ilə görüş keçirilib.
MEDİA-dan bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, agentliyin əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə qonaqlara ətraflı məlumat verib.
O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edib.
Serbiyalı nümayəndə heyəti isə qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı media sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda Agentliyin fəaliyyət istiqamətləri barədə əhatəli təqdimat qonaqlara nümayiş olunub.