İlaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə Xocalıda da qeyd olunub.
Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzədilib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə fərəh dolu duyğular bəxş edib.
Uzun illər əsas arzu-niyyəti “yağı tapdağındakı yurdlarımız işğaldan azad olunsun, Novruzu doğma torpaqda qeyd edək” olan xalqımızın bu haqq-halal diləyi, nəhayət, gerçəkləşib. Novruz çərşənbələrində qalanan tonqalların hərarəti də artıq bütün yurd yerlərimizə yayılır.
Mifik düşüncədə od həm də müqəddəs hesab olunur. Bu müqəddəslik onun xilaskar kimi qavranılması ilə bağlıdır. İnanclara görə, tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir. Xocalıda qalanan çərşənbə tonqalı da köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin rəmzidir...