Ötən yüzillikdə öz yaradıcılıqları ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyan, incəsənətin müxtəlif sahələrində ilklərə imza atan qadın sənətkarlarımız olub. Onların bir neçəsi haqqında qısa söhbət açmaq istəyirik.
Rəssam Qeysər Kaşıyeva. 7 iyun 1893-cü ildə Tiflis şəhərində dünyaya göz açan Qeysər Seyfulla qızı Kaşıyeva məktəbli çağlarından təsviri sənətə maraq göstərib, bədii qurama və toxuma işləri hazırlayıb. Bir gün Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının alman karikaturaçı rəssamı Oskar Şmerlinq Qeysərin əl işlərinə baxır. Ona Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində təhsilini davam etdirməyi məsləhət görür. Həmçinin cəmiyyətin sədri, rəssam Riçard Zommerdən Qeysər Kaşıyevaya rəssamlığın sirlərini öyrətməyi xahiş edir. Qeysər 1907–1908-ci illərdə burada mükəmməl rəssamlıq təhsili alır.
Riçard Zommer Qeysərə təhsilini Moskvada davam etdirməyi məsləhət bilsə də, o dövrdə bir müsəlman qızının yad şəhərdə oxuması çətin idi. Ancaq Qeysər Kaşıyevanın şöhrəti gündən-günə artır, müxtəlif sərgilərdə iştirak edir. O, portret və mənzərə janrlarında “Azərbaycan ziyalısı”, “Göl sahili”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu” və s. əsərlər yaradıb. Eyni zamanda “Şərq qadını” jurnalına illüstrasiyalar çəkib.
Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk peşəkar qadın rəssam hesab olunan Qeysər Kaşıyeva 17 aprel 1972-ci ildə Bakıda vəfat edib. Rəssamın bir çox əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
***
Kinorejissor Qəmər Salamzadə. O, 5 may 1908-ci ildə Naxçıvanda görkəmli satirik şair, publisist Əliqulu Qəmküsarın ailəsində anadan olub. 1912-ci ildə valideynləri Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi, publisist, maarif xadimi Rzaqulu Nəcəfovun himayəsində qalır. Orta təhsilini başa vurduqdan sonra 1929-cu ildə Moskva Dövlət Kinematoqrafiya Texnikumuna daxil olur. Məşhur kinorejissor Aleksandr Dovjenkonun yanında təcrübə keçir. Təhsilini bitirib Bakıya dönən Qəmər Salamzadə “Natəvan” və “Nizami” qısametrajlı filmlərinin ssenarisini yazır. 1944-cü ildə kinostudiyada həkim Hüsniyyə Diyarova haqqında lentə alınan “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru olur.
Onun sənət bioqrafiyasında “Qızıl kol” (rejissor köməkçisi), “Əlsiz adamlar”, “Səbuhi”, “Bir ailə” filmləri (hər üçündə rejissor assistenti) də var. Q.Salamzadə 20 aprel 1994-cü ildə vəfat edib.
***
Kinomexanik Nailə Bədəlova. 8 mart 1913-cü il tarixdə Nuxa (indiki Şəki) şəhərində anadan olan Nailə Bədəlova 1939-cu ildə Bakıda kinomexaniklər kursuna yazılıb. Həmin il “Bakkommuna” kinoteatrında təcrübəçi kimi əmək fəaliyyətinə başlayıb. 1940-cı ildən kinomexanik vəzifəsinə keçirilib. 1941–1945-ci illərdə, müharibə dövründə Şəki şəhərindəki “Yeni yol” kinoteatrında, Zəyzid, Kiş, Göynük kəndlərindəki kinoqurğularda filmlər nümayiş etdirib. 1945–1946-cı illərdə Bakı kinostudiyasında, 1948-ci ildə Bakı kinoteatrında, 1949–1972-ci illərdə isə Nizami kinoteatrında kinomexanik işləyib.
1946-cı ildə “Qafqazın müdafiəsinə görə”, 1967-ci ildə “Əməkdə fərqlənməyə görə” medalları ilə, müxtəlif illərdə fəxri fərmanlarla təltif olunub. 27 may 2000-ci ildə Bakıda vəfat edib.
***
Bəstəkar Ağabacı Rzayeva. İlk qadın bəstəkarlarımızdan olan Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda dünyaya göz açıb. Dövrünün məşhur tarzəni Mirzə Fərəcin nəvəsidir. Ağabacı erkən çağlardan musiqiyə maraq göstərir. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikuma qəbul olunur. Təhsilini 1929-cu ildə başa vurub təyinatla Maştağa, Kürdəxanı və Saray kəndlərində müəllimlik edir.
Həmin dövrdə Üzeyir Hacıbəyli konservatoriyada Xalq musiqisi şöbəsi açmışdı və ilk bəstələrini ərsəyə gətirən Ağabacının da bu sahədə parlamaq imkanı yaranmışdı. Ağabacı Rzayevanın “Gənc vətənpərvərlər” marşını dinləyən Üzeyir bəy gənc müəllifə konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil olmağı məsləhət görür. O, əvvəlcə Üzeyir bəydən, daha sonra Qara Qarayevdən bəstəkarlıq dərsləri alır. Əsasən mahnı və romanslara diqqət ayırır. Onun yazdığı uşaq mahnıları “Kukla”, “Qaranquş”, “Balaca kapitan”, “Bakı metrosu”, “Qərənfiləm mən”, “Ağ göyərçinim” və s. mahnıları geniş şöhrət qazanır. Eləcə də “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Telli sazım”, “Şuşanın yolları” və başqaları musiqisevərlər tərəfindən maraqla qarşılanır. O, eyni zamanda bir çox mahnı və romansların, “Höcət eləmə” (İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyes və simfonik əsərlərin, İ.Nəsiminin sözlərinə bəstələdiyi 7 romansın, “Çiçəklənən yurdum”, “Azərbaycan”, “Bəxtiyar ellər”, “Dilbərim” adlı xor əsərlərinin müəllifidir.
1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
***
Teatr rejissoru Ulduz Rəfili. 15 dekabr 1922-ci ildə Gəncədə anadan olub. Məşhur Rəfibəylilər nəslindəndir. İndiki Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb. 1952-ci ildə Azərbaycanın ilk qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində işə başlayan U.Rəfili 1972–1975-ci illərdə teatrın baş rejissoru olur. Burada Azərbaycan və rus bölmələrində tamaşalar hazırlayır. O bu səhnədə V.Hüqonun “Qavroş”, “Ümid nəğməsi”, “Hünər”, S.Qədirzadənin “Şirinbala bal yığır”, “Xoruz”, X.Əlibəylinin “Dovşanın ad günü”, K.Qoldoninin “İki ağanın bir nökəri”, M.Təhmasibin “Rübailər aləmində”, Anarın “Ötən ilin son gecəsi”, S.S.Axundovun “Qaraca qız” və s. əsərlərə maraqlı quruluşlar verib.
1975-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərən rejissor burada S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”, F.Əmirovun “Sevil”, Motsartın “Fiqaronun toyu” və s. əsərləri uğurla səhnələşdirib.
Əməkdar incəsənət xadimi U.Rəfili 8 yanvar 2006-cı ildə Bakıda vəfat edib.
Mədəniyyət sahəsində uğurlara, o cümlədən rəngarəng sənət aləmində bu və digər ilklərə imza atan xanımlarımız, sözsüz ki, adları sadalananlardan qat-qat çoxdur və gələcəkdə də olacaq.
Savalan Fərəcov