151 yaşını tamamlayan Azərbaycan peşəkar milli teatrının tarixində yüzlərlə, bəlkə də minlərlə tamaşa olub. Ötən əsrin 20-ci illərində dövlət teatrları şəbəkəsinin təşəkkül tapmasından sonra isə teatrların cari repertuarları daha sistemli və nizamlı şəkil alıb. Tamaşa hazırlığı həm də bu sahədə plana bağlanıb. Bu müddətdə bir (bir neçə) mövsüm səhnədə qalan tamaşalar da olub, illərlə göstərilib seyrçi rəğbəti qazananlar da.

Təbii ki, teatrlar hər zaman cari repertuara rəngarənglik qatmaq, tamaşaçıların diqqətini cəlb etmək üçün mütəmadi olaraq ona əl gəzdirirlər. Üstəlik, mövcud qayda-şərtlərə görə, sırf dövlət sifarişi ilə hazırlanan tamaşa ən azı ona sərf olunan vəsaiti çıxarana qədər cari repertuarda qalmalıdır. Hərçənd burada da suallar yaranır. Əgər tamaşanın bir neçə nümayişdən (aydan) sonra uğursuz olduğu görünürsə, tamaşaçı (yetərincə) cəlb etmirsə, niyə repertuarda saxlanılsın? Amma bu, başqa bir yazının mövzusudur. İndilik isə, mövzumuz teatrlarımızın repertuarındakı ən yaşlı, necə deyərlər, qocaman tamaşalardır. Milli teatr cameəsinin peşə bayramı (10 mart) ərəfəsində bu mənzərəyə nəzər salmaq istədik...

Başlayaq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından.

Milli operamızın banisi Üzeyir Hacıbəylinin səhnəmizi bir əsrdən çoxdur (fərqli quruluşlarda) bəzəyən “Leyli və Məcnun”unu, 1937-ci ildə premyeradan sonra, demək olar ki, səhnədən düşməyən (yenə fərqli rejissor yozumlarında) “Koroğlu” kimi ölməz əsərlərini hesaba almasaq, teatrın qocaman tamaşaları sırasında Cüzeppe Verdinin “Aida” operası ilk sıradadır. Tamaşa 1965-ci ildə gürcü rejissoru M.Kvaliaşvili tərəfindən hazırlanıb və o vaxtdan səhnədədir. Hazırda tamaşanın musiqi rəhbəri – dirijoru Xalq artisti Yalçın Adıgözəlovdur. C.Verdinin “Riqoletto” operası isə 1976-cı ildən (quruluşçusu B.Massini) oynanılır.

Adolf Adanın əsrarəngiz “Jizel” baleti də qocamanlar sırasındadır. 1961-ci ildə SSRİ Xalq artisti Qəmər Almaszadə tərəfindən xoreoqrafik quruluş verilən balet hələ də sevilərək baxılır. İkipərdəli klassik baletin libretto müəllifləri İ.Qotye, V.Sen-Jorja, J.Korallidir. Hazırda baletin dirijoru Əməkdar artist Əyyub Quliyevdir.

Fikrət Əmirov yaradıcılığının şah əsərləri sayılan ecazkar “Min bir gecə” baleti isə 1979-cu ildə Əməkdar incəsənət xadimi Nailə Nəzərova tərəfindən səhnələşdirilib və mütəmadi oynanılır. Baletin librettosunu Maqsud və Rüstəm İbrahimbəyovlar yazıblar.

***

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ən köhnə tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə”dir. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş müəllifi olduğu tamaşa 2011-ci ildən repertuardadır. Səhnə tərtibatını Əməkdar rəssam İsmayıl Məmmədov verib.

Teatrın uzunömürlü tamaşaları siyahısında elə həmin ildə hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” da var. Mirzə Fətəli Axundzadənin ölməz əsərinə quruluşu mərhum rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vermişdi, səhnə tərtibatını isə mərhum rəssam Rəşid Şerif hazırlamışdı.

A.Saqarelinin “Xanuma”sı da 2011-ci ildə yeni quruluşla teatrın səhnəsinə çıxıb. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

***

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 1998-ci ildən yeni quruluşda repertuara daxil edilən “O olmasın, bu olsun” (Üzeyir Hacıbəyli) ən uzunömürlü tamaşa sayılır. İkihissəli musiqili komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Rauf Hacıyev yaradıcılığından “Talelər qovuşanda” adlı ikihissəli operetta 2003-cü ildən cari repertuardadır. Nümunənin quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı isə 2009-cu ildən yeni quruluşda repertuara daxil edilib. Operettanın quruluşçu rejissoru Elvin Mirzəyevdir. Yaradıcı heyətdə həmçinin dirijor Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi), quruluşçu rəssam Nabat Səmədova (Əməkdar rəssam), quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər (Əməkdar artistlər) və başqaları var.

Teatrın repertuarında uzun ömür qazanan uşaq və yeniyetmələr üçün tamaşalardan “Qızıl cücə” (V.Ulyanovski, V.Orlov; 1989-cu il) və “Qırmızıpapaq” (E.Sabitoğlu, Y.Şvarts; 1994) da var.

***

Akademik Rus Dram Teatrının cari repertuarındakı ən uzunömürlü tamaşa M.F.Axundzadənin 200 illik yubileyinə töhfə olaraq hazırlanan və 2011-ci ildə səhnəyə çıxan “Müsyö Jordan və dərviş Məstəli şah”dır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksand Şarovski, quruluşçu rəssamı Nikita Sazanov (Rusiya), geyim üzrə rəssamı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır. Xalq artisti Məbud Məhərrəmov bu illərdə Müsyö Jordanı yorulmadan oynayıb.

***

Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarının ən yaşlısı bu günlərdə premyerasının 30 illiyini qeyd etdiyi “Bir dəlinin qeydləri”dir. N.Qoqolun əsəri 1994-cü ildə Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunub. Əməkdar artist Şövqi Hüseynovun oynadığı monotamaşa xarici festivallarda da uğurla nümayiş olunur.

Uşaqlar üçün hazırlanan “Göyçək Fatma” tamaşası da 2011-ci ildən bəri repertuardadır. Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşaya Cənnət Səlimova quruluş verib.

“Mənim ağ göyərçinim” (Tamara Vəliyeva) də teatrın repertuarındakı uzunömürlü nümunələrdən sayılır. 20 Yanvar qurbanlarına həsr olunan və 2013-cü ildə premyerası keçirilən bu tamaşanın da quruluşçu rejissoru Cənnət Səlimovadır.

***

İrəvan Dövlət Azərbaycan Dram Teatrının ən qocaman nümunəsi Əməkdar incəsənət xadimi, şair-dramaturq Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” əsəridir. 1976-cı ildə – hələ teatr İrəvanda fəaliyyət göstərərkən hazırlanan tamaşaya mərhum rejissor, pedaqoq Nəsir Sadıqzadə quruluş vermişdi. Səhnə işi 2000-ci ildə isə mərhum Xalq artisti Vaqif Əsədovun quruluşunda yenidən ərsəyə gəlib.

Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri də 2014-cü ildən teatrın repertuarındadır. İkihissəli xronoloji tarixi dramın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

***

Şuşa Dövlət Musiqili Dram Teatrının ən qocaman səhnə işi M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (2012-ci il) tamaşasıdır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarovdur.

Burada bir haşiyə də çıxım ki, yaradıcı heyət 1992-ci ildə köçkün düşməzdən öncə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını da hazırlayıb Şuşada nümayiş etdirib. Tamaşaya quruluşu Əməkdar artist Yadigar Muradov verib. Quruluşçu rəssam Valeh Məmmədov, rejissor köməkçisi Əməkdar artist Azad Məmmədov olub.

***

Yuğ Dövlət Teatrının cari repertuarındakı ən uzunömürlü nümunə “Metamorfoza” tamaşasıdır. 2016-cı ildən nümayiş olunan tamaşa yazıçı Saida Haqverdiyevanın hekayələri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanıb. Səhnə əsərində Oqtay Mehdiyev, Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər.

***

30 illiyini qeyd edən Dövlət Pantomima Teatrının ən çox oynanılan tamaşası isə özü ilə yaşıd olan “Pantomima buketi”dir. İfaçıları nəsillər keçdikcə dəyişən səhnə işinin yaradıcısı Xalq artisti Bəxtyar Xanızadədir. Tamaşanın quruluşçu rəssamı Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

***

93 yaşlı Azərbaycan Dövlət Kukla Teatrının repertuarında da uzunömürlü tamaşalar az deyil. Zaman-zaman kuklaların istismar müddətini başa vurması səbəbindən repertuar yenilənsə də, “Cik-cik xanım” öz “qocaman”lıq sırasını heç kimə vermir. 2001-ci ildə Əli Səmədlinin eyniadlı nağılı əsasında hazırlanan tamaşaya mərhum kuklaçı, Əməkdar artist Ələkbər Hüseynov quruluş verib. Quruluşçu rəssam Sənubər Səmədova, bəstəkar Hikmət Mirməmmədlidir.

2010-cu ildən cari repertuara daxil edilən “O olmasın, bu olsun” marionet kukla tamaşası da uzunömürlü sayıla bilər. Ü.Hacıbəylinin eyniadlı operettasına kuklaçı rejissor Elşad Rəhimzadə quruluş verib. Quruluşçu rəssam Lətifə Quluzadə, kukla ustası Rusiyadan dəvət olunmuş Tatyana Melnikovadır. Onu da qeyd edək ki, tamaşada yeganə canlı planı – Məşədi İbad obrazını mərhum Xalq artisti Yaşar Nuri ifa edib.

***

Sumqayıt Dövlət Dram Teatrının cari repertuarında olan ən uzunömürlü tamaşa M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasıdır. Teatr 1969-cu il martın 14-də ilk dəfə pərdəsini Cənnət Səlimovanın quruluş müəllifi olduğu bu tamaşa ilə açıb. Tamaşanın quruluşçu rəssamı İsmayıl Axundov, bəstəkarı Emin Sabitoğlu olub. 1995-ci ildə isə teatrın baş rejissoru Xalq  artisti Firudin Məhərrəmov əsərə yeni traktovka verib.

Həmidə