Finlandiyanın Espoo şəhərinin Lippulaiva kitabxanasında fotoqraf Etibar Cəfərovun “Azərbaycan – multikulturalizm diyarı” kitab-albomunun təqdimatı və eyniadlı fotosərginin açılışı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə nəşr olunmuş kitabda ölkəmizin multikultural dəyərləri barədə məlumatlar əksini tapıb.
Komitədən bildirilib ki, Helsinki Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyətin, eləcə də ölkəmizə dost münasibət bəsləyən icmaların üzvləri, Finlandiyanın müxtəlif şəhərlərində yaşayan diaspor nümayəndələri iştirak ediblər.
Espoo şəhər kitabxanasının sabiq direktoru, kitabxananın layihələr departamentinin rəhbəri Yana Turni Azərbaycanın multikultural və tolerant dəyərlərinin zənginliyindən danışıb.
Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova xalqımızın multikultural dəyərlərinin Azərbaycan diasporuna təsirindən bəhs edib, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası barədə fikirlərini bölüşüb.
E.Cəfərov kitabın ərsəyə gəlməsindən, nümayiş olunan fotoların tarixçəsi və Azərbaycan multikulturalizminin, milli adət-ənənələrinin rəngarəngliyindən söz açıb.
DİDK-nın şöbə müdiri Xıdır Kazımov Azərbaycanda müxtəlif mədəniyyətlərin inkişafına dövlət dəstəyindən danışıb.
Sonda kitab-albom ziyarətçilərə və kitabxanaya hədiyyə edilib. Ziyarətçilər fotosərgi ilə tanış olublar.
Qeyd edək ki, Helsinkinin “Oodi” kitabxanası və Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evi də “Azərbaycan – multikulturalizm diyarı” adlı fotosərgiyə ev sahibliyi edib.