Əmman şəhərində yerləşən İordaniya Muzeyində Azərbaycanın İordaniya Haşimilər Krallığındakı Səfirliyi, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşkilatçılığı ilə “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimatı olub.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş kitab Gürcüstan Milli Muzeyinin arxivlərindəki Qarabağ xanlığının tarixinə dair nadir sənədlər, eksponatlar haqqındadır.
Mərasimdə çıxış edən İordaniya Muzeyinin baş direktoru İhab Amarin və Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov indiyə qədər ingilis, fransız və ispan dillərində işıq üzü görmüş nəşrin Azərbaycanın Qarabağ bölgəsində tarixən formalaşmış mədəni irsi haqqında geniş məlumatın dünyaya çatdırılmasında əhəmiyyətini vurğulayıblar.
Eldar Səlimov kitaba daxil edilən materialların Gürcüstan Milli Muzeyinin arxivlərində yüz ildən artıq qapalı saxlanıldığını, yalnız bir neçə il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə aşkarlandığını diqqətə çatdırıb.
Nəşrin elmi redaktoru, ABİA-nın idarə heyətinin sədri Elçin Əsgərov, İordaniya Universitetinin professoru, tarixçi Məhəmməd Vahib, yazıçı və tarixçi Məhəmməd İsa əl-Udvan Azərbaycan tarixi irsinin bir parçası olan alban mədəniyyətinə aid mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən bəhs edib, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan bu etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu göstərdiyini vurğulayıblar.
Tədbir çərçivəsində “Qarabağın inciləri” adlı fotosərgi açılıb. Sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarından Qarabağ xanlığına (1747–1822) aid artefaktların şəkilləri nümayiş etdirilib.