Bölgələrdəki mədəniyyət müəssisələrində xanımların bayramı ilə bağlı tədbirlər keçirilib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Adın müqəddəsdir sənin, ey qadın” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.
Bədii hissədə ədəbi-bədii kompozisiya, videoçarxlar nümayiş olunub, rayonun tanınmış incəsənət ustaları tərəfindən mahnı və şeirlər səsləndirilib.
Qusar rayon Mədəniyyət Mərkəzində “Qayı Bulax” və “Şahnabat” xalq kollektivlərinin iştirakı ilə “Bayramınız mübarək, əziz qadınlar!” adlı konsert keçirilib. Müğənnilərin solo ifaları, “Ləzginka”, “Ləzginka Assa” rəqs qruplarının çıxışları və yumoristik səhnəcik nümayiş etdirilib.
***
Cəbrayıl rayon Karxulu, Xələfli, Qaracallı, Şıxlar, Hovuslu, Qovşudlu kənd klubları və rayon MKS-nin İsaxlı kənd kitabxana filialının (Biləsuvar rayonu) əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Təhmasib Mustafayevin ailəsini ziyarət ediblər. Ailədəki xanımlara, xüsusilə də, şəhidin yadigarı Faidə balaya Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.
***
Astara rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib. Bildirilib ki, 1993–2003-cü illərdə Ulu öndər tərəfindən qadınlarla bağlı imzalanmış fərman və sərəncamlar Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasına böyük təkan verib. Çıxışlardan sonra şagirdlərin sualları cavablandırılıb.
Lerik rayon Heydər Əliyev Mərkəzində “Qadın gülərsə, bəşəriyyət gülər” mövzusunda bilik yarışı təşkil edilib. Yarışmada rayonun mədəniyyət müəssisələrində çalışan qadınlardan ibarət komandalar iştirak ediblər. Rayon Mərkəzi Kitabxananın “Xəmsə” komandası I yerə layiq görülüb. Qalib komanda və yarışda fəal iştirak edən digər komandalar diplomlarla təltif olunublar.
N.Məmmədli