Novruzun ikinci müjdəçisi – Od çərşənbəsi ölkəmizin bütün bölgələrində müxtəlif tədbirlərlə qeyd olunub.
Zəngilanın Ağalı kənd körpələr evi-uşaq bağçasının balaca sakinləri Od çərşənbəsini sevinclə qarşılayıblar. Bağçanın həyətində kiçik tonqal qalanıb. Ocaq kənarında baharın gəlişini xəbər verən səməni qoyulub. Müəllim və uşaqlar birlikdə tonqal ətrafında yallı gediblər. Balacalar tonqal üstündən atılıb, həmçinin milli musiqi sədaları altında rəqs edərək əylənib, bahara aid şeirlər səsləndiriblər.
***
Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Od çərşənbəsi ilə bağlı tədbirdə adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalar, həmçinin şirniyyatlar nümayiş olunub. Məktəblilər milli geyimlərdə yallı gediblər. Hazırlanan səhnəciklər maraqla qarşılanıb. Şagirdlər yumurta döyüşdürüb, digər oyunlar oynayıb, musiqi sədaları altında rəqslər ediblər.
***
İsmayıllı rayonunun Lahıc qəsəbəsində Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi qeyd edilib. Tədbirdə “Lahıc” xalq folklor kollektivinin, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının ifasında Novruz bayramına həsr edilən mahnılar səsləndirilib, rayon sakinləri təbiətin oyanışının rəmzi olan bayram tonqalı ətrafında yallı gediblər.
***
Salyan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən musiqili tədbirdə milli adət-ənənələrimizi əks etdirən eksponatlar və Novruz atributları sərgilənib, iştirakçılar arasında müxtəlif xalq oyunları nümayiş olunub.
Salyan rayon Mədəniyyət Mərkəzi və Kürqaraqaşlı kənd Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunan bayram tədbiri keçirilib. Novruz adət-ənənələrini özündə əks etdirən nümunələr və kompozisiyalar təqdim edilib. “Cəngi” milli nəfəsli folklor xalq kollektivi, Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” ailə xalq ansamblı, “Gənclik” instrumental xalq ansamblı və solistlərin ifasında konsert proqramı təqdim olunub. Sonda “Hünər” sirk-estrada kollektivinin pəhləvan və idmançıları maraqlı nömrələr nümayiş etdiriblər.
***
Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə Od çərşənbəsi, eyni zamanda Hüseyn Arifin (1924 –1992) 100 illiyinə həsr olunmuş “Yadıma bahar düşür” adlı tədbir keçirilib. Çıxış edənlər unudulmaz şair Hüseyn Arifin Azərbaycan poeziyasına verdiyi töhfələrdən danışıblar. Sonra sac üstündə yuxa salınıb, samovarlar qalanıb, tədbir iştirakçılarına adətlərimiz təbliğ olunub.
***
Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də Od çərşənbəsi ilə bağlı müxtəlif tədbirlər keçirilib.
***
Od çərşənbəsi münasibətilə Lənkəran Dövlət Dram Teatrının heyəti şəhərdə yerləşən N saylı hərbi hissədə hərbçilərin övladları üçün “Karlsonun macəraları” tamaşasını nümayiş etdirib. Tamaşadan əvvəl Novruzun atributlarından olan Kosa ilə Keçəl uşaqlarla söhbət edib, oyunlar oynayıb.
Sonra səhnə əsəri nümayiş olunub. Anar Babalının A.Lindqrenin “Balaca və Karlson” əsəri əsasında quruluş verdiyi tamaşada rolları Gülər Kərimova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Nizami Qurbanov ifa ediblər.
Nurəddin Məmmədli