Azərbaycanın Naxçıvan bölgəsi də tarixi-mədəni zənginlikləri ilə tanınır. Bu diyarda müxtəlif sənətkarlıq sahələri ən əski çağlardan inkişaf edib. Əcəmi Naxçıvaninin adı ilə məşhur olmuş memarlıq məktəbini, onun yadigar qoyduğu abidələri qeyd etmək kifayətdir ki, burada formalaşmış sənət ənənələri haqqında təsəvvür yaransın.
Naxçıvanda təsviri və dekorativ-tətbiqi sənətin də kökləri qədim dövrlərə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində bu sənət sahələri ustalar tərəfindən nəsildən-nəslə ötürülərək yaşadılıb. Bu yazıda rəssam, dekorativ-tətbiqi sənət ustası Səkinə Qarayeva haqqında söz açacağıq.
Səkinə Əvəz qızı Qarayeva 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. 10 yaşından başlayaraq, sənətə meyil göstərib. Məktəbli qızın zövqlə ərsəyə gətirdiyi əl işləri mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb.
1984-cü ildə Səkinə Qarayevanın Naxçıvan şəhərindəki “Gənc texniklər” mərkəzində metal üzərində döymə nümunələri və rəsm əsərlərindən ibarət ilk sərgisi təşkil olunub. Bu sərgi onun yaradıcılıq həvəsini daha da artırıb, sənət axtarışlarına sövq edib. Sonra Naxçıvanda və Bakıda təşkil olunan sərgi və müsabiqələrdə iştirak edib, uğurlar qazanıb.
Qəlbən bağlandığı bu sənət üzrə xüsusi təhsil almaq, yaradıcı baxışlarını dərinləşdirmək istəyi onu rahat buraxmayıb. Orta məktəbi bitirib, 1986–1988-ci illərdə Bakı şəhərindəki 84 nömrəli texniki peşə məktəbinin reklam üzrə tərtibatçı bölməsində təhsil alıb. Naxçıvana qayıdıb ixtisası üzrə əmək fəaliyyətinə başlayıb. 1997–1999-cu illərdə Moskvada əl işləri və muncuqlarla toxuma üzrə təlim kurslarında oxuyub, yaradıcılıq təcrübəsini və istiqamətlərini daha da genişləndirib.
2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Səkinə Qarayevanın dekorativ əl işləri və kətan üzərində yağlı boya ilə işlədiyi əsərlərindən ibarət sərgisi keçirilib. 2015-ci ildə Naxçıvanda dekorativ əl işləri sərgisində iştirak edib. Həmin il muxtar respublikanın “Rəşadətli əməyə görə” medalı ilə təltif olunub.
2015-ci ildə NMR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda, 2018-ci ildə Bakıda sərgiləri keçirilib. 2021-ci ildə Naxçıvan şəhərində müəllifin “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan “Xəmsə” möcüzəsi” sərgisi böyük maraqla qarşılanıb. Sərgidə “Xəmsə” motivli metal üzərində döymə, piroqrafiya (taxta üzərində yandırma) və digər texnikalarda hazırladığı əsərləri nümayiş etdirilib.
2023-cü ildə Naxçıvan MR-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş rəsm və əl işlərindən ibarət sərgilərdə də Səkinə Qarayevanın yüksək məharətlə yaratdığı əsərləri nümayiş olunub, fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Səkinə Qarayeva 2022-ci ildə NMR Rəssamlar Birliyinin üzvü seçilib. Rəssama yeni yaradıcılıq uğurları arzulayırıq.
Yaqut Quliyeva
NMR Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri