UNESCO 8 Mart ərəfəsində hesabat hazırlayıb

 

UNESCO-nun Beynəlxalq Qadınlar Günü ərəfəsində dərc edilmiş hesabatı göstərir ki, qızların təhsilinə qoyulan sərmayə son iyirmi ildə böyük dividentlər qazandırıb. İndi məktəbə getməyən qızlar (122 milyon) oğlanlardan (128 milyon) az olsa da, son rəqəmlərdə təhsilə cəlb olunan qızların sayı artmaqdadır.

UNESCO-nun saytında yer alan “Onun təhsili, bizim gələcəyimiz” adlı hesabatda dünyanın müxtəlif region və ölkələrində qızların təhsili ilə bağlı vəziyyət təhlil edilib. Hesabatda deyilir: “1995-ci ildə Pekin Fəaliyyət Platforması ölkələri təhsildə gender ayrı-seçkiliyini aradan qaldırmağa çağırdı. UNESCO-nun bütün dünyada qızların və qadınların təhsil hüquqlarını araşdıran interaktiv aləti olan “Her Atlas” proqramına görə, bu gün 105 ölkə öz konstitusiyalarında həmin ayrı-seçkiliyi qadağan edir”.

Hesabatda diqqətə çatdırılıb ki, qlobal rəqəmlərin arxasında ciddi problemlər də qalmaqda davam edir. Qızların məktəbdən kənarda qalma səviyyəsinin ən yüksək olduğu 10 ölkə var. Onlardan doqquz Afrikadadır, ən ağır vəziyyət isə Əfqanıstandadır. Bu ölkədə məktəbyaşlı qızların 75 faizi təhsildən kənarda qalıb.

Məlumatlar göstərir ki, həmin ölkələrdə məktəbyaşlı ən yoxsul gənc qızların 10 nəfərindən ən azı 7-si məktəbə getmir. Qvineya və Malidə demək olar ki, heç bir yoxsul qız təhsilə cəlb edilməyib. Kot-d’İvuar məktəblərində şagirdlərin yalnız beşdə biri qızlardır.