“Tomris” sərgisində qardaş ölkələrin rəssamlarının işləri nümayiş olunub

 

Martın 5-də Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisinin açılışı keçirilib. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərginin məqsədi qədim Azərbaycan-türk qədim dövlətçilik tarixinin simvollarından biri, Massaget hökmdarı, qəhrəmanlıq, ədalət örnəyi kimi qəbul olunan Tomris obrazının təsviri sənətdə inikasını göstərməkdən ibarətdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına aiddir. Erkən dövrdə Avropa monastırlarında, Herodotun “Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə Rubens, Kastano, Centileski və s. rəssamların yaradıcılığında Tomris obrazı əksini tapıb.

Diqqətə çatdırılıb ki, XX əsrin ortalarından başlayaraq, təsviri sənətdə Tomris obrazı türk bədii mühitində yenidən canlanır.

Uzun müddət türk sənət dünyasının bir çox nümayəndələri Tomris obrazına müraciətlərində yerli bədii xüsusiyyətlərlə yanaşı, onun ümumtürk mahiyyətini də vurğulamağa çalışıblar. İlk dəfə olaraq TÜRKSOY-a üzv ölkələrin rəssamları tərəfindən yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni dəyərləri müstəvisində təqdim edilir.

TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi önəmin təzahürü olduğunu bildirib: “Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris xatın bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hökmdarı ünvanını alıb. “Tomris” sərgisi Türk dünyasının, birliyimizin, dostluğumuzun simvoludur...”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi ifadə edir: “Bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib olan türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə iştirakınız üçün hər birinizə təşəkkürümü bildirir, sizləri türk xalqlarının sənət dünyasından zövq almağa dəvət edirəm”.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Botagöz Toleş, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb, sərginin təşkilində əməyi keçənlərə təşəkkür ediblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgidə Mərkəzi Asiya, Türkiyə və Azərbaycanı təmsil edən 20-dən çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov (Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və başqalarının son 30 ildə ərsəyə gətirdikləri 30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq əsəri yer alıb.

Nurəddin